BAKI, 26 oktyabr — Sputnik. Bu il Qubadlı rayonunda 9 min hektar ərazidə taxıl əkiləcək. Bu da SSRİ dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Həmin illərdə rayonda taxıl sahələri 3,4 hektar ərazini əhatə edirdi.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bildirib.
Bundan başqa, onun sözlərinə görə, Qubadlıda yenidən şəkər və yem çuğundurunun da əkilməsi nəzərdə tutulub:
"Rayon işğaldan azad edildikdən sonra orada müəyyən işlər görülüb, mövcud bağlara qulluq edilib, hazırda isə payızlıq taxıl əkininə hazırlıq gedir. Ötən təsərrüfat ilində ilkin olaraq müəyyən araşdırmalar və qiymətləndirmələr aparılıb, torpaqların vəziyyəti qiymətləndirilib, taxılla yanaşı şəkər və yem çuğunduru əkilib. Cari ildə də bu işlərin görülməsi planlaşdırılır".