RUSİYA

Peskov Putinin G20-də gözlənilən çıxışı barədə: "Qrafik razılaşdırılır"

Oktyabrın 30-31-də İtaliyanın paytaxtı Romada G20 ölkələrinin dövlət və hökumət rəhbərlərinin zirvə toplantısı keçiriləcək. Budəfəki sammit "İnsanlar, planet, rifah" devizi altında baş tutacaq.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, bu ölkənin lideri Vladimir Putinin "Böyük İyirmilik" (G20) ölkələrinin sammitində çıxışı üçün qrafik hələ ki, razılaşdırılır.
"Bu, şənbə və bazar günləri olacaq, ancaq hansı zaman çərçivəsində baş tutacağını sizə deyə bilmərəm. Hazırda sinxronizasiya üzrə iş gedir", – deyə Peskov jurnalistlərə bildirib.
Qeyd edək ki, oktyabrın 30-31-də İtaliyanın paytaxtı Romada G20 ölkələrinin dövlət və hökumət rəhbərlərinin zirvə toplantısı keçiriləcək. Budəfəki sammit "İnsanlar, planet, firavanlıq" devizi altında baş tutacaq. Sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden arasında ikitərəfli görüşün keçirilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, G20 dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən güclü 20 dövlətini birləşdirən qurumdur. Bura ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Türkiyə, Rusiya, Almaniya, Fransa, İtaliya, Yaponiya, Çin, Kanada, Braziliya, Argentina, Hindistan, Səudiyyə Ərəbistanı, İndoneziya, Avstraliya, Cənubi Koreya, Meksika və CAR daxildir.