BAKI, 25 oktyabr — Sputnik. Sudanın paytaxtı Xartumu yaxınlıqdakı Omdurman şəhəri ilə bağlayan körpüdə etirazçılarla hərbçilər bir-birinə qarşı vuruşurlar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti məlumat verir.
Hərbçilər bazar ertəsi səhərdən körpünü bağlayıblar.
Etirazçılar hərbçilərə daş atırlar. Onlar isə cavabında yeddi dəqiqə havaya atəş açıblar ki, kütlə dağılışsın.
Bu arada ABŞ Sudan hərbçilərindən mülki hökuməti hakimiyyətə qaytarmağı tələb edərək Xartumdakı hadisələr səbəbindən bu ölkəyə veriləcək 700 milyon dollarlıq paketin dayandırılacağını bildirib.
Bu barədə Dövlət Departamentinin nümayəndəsi Ned Prays bəyan edib.
"Hərbçilər siyasətçiləri dərhal azad etməli, təhlükəsizliklərini təmin etməli, mülki şəxslərin başçılıq etdiyi keçid hökumətini bərpa etməli və etirazçılara qarşı döyüş patronlarının da istifadə olunduğu istənilən zorakılıqdan çəkinməlidirlər", - Prays brifinqdə deyib.
"Bu hadisələrin fonunda keçid hökumətində güc yolu ilə edilmiş istənilən dəyişiklik bizim yardımımızı, daha da geniş desək, ikitərəfli münasibətlərimizi risk altında qoyur. ABŞ Sudana ayırdığı 700 milyon dollarlıq təcili iqtisadi yardımı dayandırır. Bu vəsait ölkənin demokratiyaya keçidini dəstəkləmək üçün nəzərdə tutulurdu", - Prays əlavə edib.
---------
---------
13:06
Sudanın Baş Naziri Abdulla Həmduk ev dustaqlığına məhkum olunub, ölkənin Suveren Şurasının dörd naziri və mülki nümayəndəsi Məhəmməd Feki saxlanılıb. Bu barədə RİA Novosti "Al Hadath" telekanalına istinadən məlumat verib.
Telekanalın verdiyi məlumatına görə, bunu tanınma nişanı olmayan hərbi geyimli şəxslər ediblər.
Öz növbəsində, Əl-Cəzirə bildirib ki, sənaye, informasiya, rabitə nazirləri, baş nazirin müşaviri, həmçinin əyalətin qubernatoru Xartum və ölkənin keçid dövrünün Suveren Şurasının nümayəndəsinin üzvü saxlanılıb.
Sənaye naziri İbrahim Şeyxin qızı kanala müsahibəsində qeyd edibki, atası Suveren Şura rəhbərinin müavinin əmri ilə iyun ayında təşkil olunmuş Birləşmiş Dəstələr tərəfindən saxlanılıb.
Qeyd edək ki, Sudanın hərbi hakimiyyətinə müxalif olan "Birləşmiş Həmkarlar İttifaqı" ölkə əhalisini "hərbi çevriliş"ə qarşı küçələrə çıxmağa çağırıb.
"Biz insanları müqavimətə və vətəndaş itaətsizliyinə çağırırıq", - deyə qurumun bəyanatında bildirilib.
Xatırladaq ki, Sudanın bir neçə şəhərində etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları hakimiyyəti mülki hökumətə təhvil vermələrini tələb ediblər. Bundan əlavə Sudanın paytaxtı Xartumun bəzi rayonlarında internet təmamilə kəsilib.
Sudanda 2019-cu ilin aprel ayında dərin iqtisadi böhran və həyat səviyyəsinin aşağı düşməsi fonunda xalqın etirazı nəticəsində hərbi çevriliş baş verib. Otuz il hakimiyyətdə olan prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb və daha sonra isə həbs edilib.
Həmin ilin avqustun sonunda Sudanın keçid dövrünün hərbi şurasının rəhbəri Əbdel Fəttah əl-Bürhan Suveren Şuranın rəhbəri kimi andiçmədə iştirak edib. Sudanın yeni baş naziri Abdulla Həmduku isə 2019-cu ilin avqustun 21-də and içib. Hərbi və mülki hakim dairələr genişmiqyaslı siyasi və iqtisadi islahatlar üçün keçid dövrü barədə razılığa gəliblər. Keçid dövrü Suveren Şurasının səlahiyyət müddəti noyabr ayında bitir.