AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qubadlıda 7 ton çətənə bitkisi məhv edilib

Polis əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə nəzarət-profilaktik, təhlükəsizlik tədbirləri keçirdikləri zamanı silah-sursat aşkar ediblər.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Qubadlı rayonu ərazisindəki düşmənin tərk etdiyi hərbi mövqelərdən silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə nəzarət-profilaktik, təhlükəsizlik tədbirləri keçirdikləri zaman 7 avtomat, 2 pulemyot, 1 qumbaraatan, 1 minaatan qurğusu, 42 qumbara, 314 qumbaaratan mərmisi, 118 minaatan mərmisi, 280 müxtəlif növ alışdırıcılar, 22 minə yaxın müxtəlif çaplı patronlar, 31 partlayıcı vasitə və digər sursatlar aşkar edilib.
Bundan əlavə, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri kompleks tədbirlər zamanı rayonun Davudlu, Bəxtiyarlı və Əliquluuşağı kəndlərinin ərazisində yabanı halda bitmiş ümumi çəkisi 7 tona yaxın olan 12668 ədəd çətənə bitkisi yığılaraq məhv edilib.