DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Özbəkistan Azərbaycanın iqtisadi inkişaf modelini öyrənir

Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış iqtisadi islahatların idarə edilməsi modeli, "ASAN", DOST, KOBİA, "Azexport" kimi brendlərin təcrübəsi özbək nümayəndə heyəti tərəfindən öyrəniləcək.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanın iqtisadi inkişaf modelinin öyrənilməsi məqsədilə ölkəmizdədir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən (İİTKM) Sputnik Azərbaycan-a bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış iqtisadi islahatların idarə edilməsi modeli, "ASAN", DOST, KOBİA, "Azexport" kimi brendlərin təcrübəsi özbək nümayəndə heyəti tərəfindən öyrəniləcək. Prezident Administrasiyası, Milli Məclis və müxtəlif dövlət qurumlarında görüşlərin keçirilməsi planlaşdırılır.
Özbəkistan nümayəndə heyətinin səfərinin təşkilatçısı İİTKM-dir.
Səfərin gedişində Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzi və İİTKM arasında anlaşma memorandumunun imzalanması gözlənilir.