BAKI, 25 oktyabr — Sputnik. Amerikalı demokratlar ölkənin 700 milyarderindən yüzlərlə milyard dolların alınmasına yönəldilmiş vergi planını açıqlaya bilərlər. Onların fikrincə, bu, iqlim dəyişiklikləri ilə mübarizə üçün lazımdır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Reuters yazır.
Hazırda Demorkatlar partiyası ümumi dəyəri 2 trilyon dollar olan planın son detallarını işləyib hazırlayır.
Ümumilikdə demokratlar illərdir ki, əlavə gəlir və korporativ verginin yüksəldilməsini tələb edirdilər. Onlar bildirirlər ki, sosial ödənişləri maliyyələşdirmək üçün varlı amerikalılar və şirkətlər daha çox pul verməlidirlər.
Varlı amerikalılar hazırda topladıqları daşınmaz əmlak, səhmlər və sənət əsərləri kimi varidata görə vergi ödəmirlər, çünki onlar yalnız aktivləri satarkən rüsum ödəməlidirlər.
"Milyarderlərin gəlirlərindən vergi" təklifinə uyğun olaraq federal hökumət milyarderlərdən səhm kimi aktivlərin artan qiymətlərinə görə, həmin aktivləri satıb-satmamaqlarından asılı olmayaraq illik vergi tələb edəcək.
Bu planın əleyhdarları isə deyirlər ki, belə bir təşəbbüs milyarderləri aktivlərin qiymətləndirilməsinin sadə olduğu fond bazarından çəkilərək, daşınmaz əmlak və incəsənət alqı-satqısı ilə məşğul olan qeyri-şəffaf bazarlara keçməyə sövq edəcək.
Bir qədər əvvəl ABŞ Prezidenti Co Bayden bildirmişdi ki, varlı amerikalılar milyardlarla dolları vergidən yayındırırlar.