BAKI, 25 oktyabr — Sputnik. Çinin "Çanjgin gölü döyüşü" adlı ekran əsəri bu il bütün dünyada ən çox kassa gəliri gətirən film olub. Bu barədə "The Hollywood Reporter" jurnalı "Artisan Gateway" şirkətinə istinadla məlumat yayıb.
Məlumatda bildirilir ki, sentyabrın sonlarında ekranlara çıxan blokbasterin nümayişindən 828,1 milyon dollar gəlir əldə edilib. Ekran işi bu nəticəni daha çox Çin kinoteatrlarında nümayişi sayəsində qazanıb. Bununla belə, hələlik heç bir Hollivud filmi həmin göstəricini ötə bilməyib.
Çen Kayqe, Tsuy Xark və Dante Lamın ərsəyə gətirdikləri film 1950-ci il Koreya müharibəsi vaxtı baş vermiş real tarixi döyüşdən bəhs edir.
"Çanjgin gölü döyüşü" adlı filmin yeganə rəqibi yenə Çinin istehsal etdiyi "Salam, ana" adlı kinokomediya olub. Bu filmin premyerası fevral ayında baş tutub və o, 821 milyon dollar gəlir gətirib.
Pandemiya başlayandan bəri kinoteatrlarda ən çox baxılan film isə yaz aylarında ekranlara çıxan "Forsaj 9" döyüş filmi olub. Bu filmin həm ABŞ-da, həm də bütün dünyada nümayişindən 716 milyon dollar gəlir əldə olunub.