BAKI, 25 oktyabr — Sputnik. ABŞ-ın Türkiyədəki səfirliyi Rəcəb Tayyib Ərdoğanın ABŞ da daxil olmaqla 10 ölkənin səfirini "persona non qrata" elan etməsi ilə bağlı bəyanatı fonunda bildirib ki, Vaşinqton digər ölkələrin daxili işlərinə qarışmır. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.
"Ölkələrin daxili işlərinə müdaxilə etməmək haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə sadiqik", – deyə ABŞ səfirliyinin bu barədə yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, 10 ölkənin - Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ın Ankaradakı səfirlikləri daha əvvəl türk hüquq müdafiəçisi Osman Kavalanın azad olunması ilə bağlı bu ölkəyə müraciət edib. Bundan sonra Türkiyə Xarici İşlər Nazirliyi həmin ölkələrə Diplomatik Münasibətlərə dair Vyana Konvensiyasına riayət edilməsinin zəruriliyini xatırladıb. Bunun ardınca Ərdoğan bəyan edib ki, o, Türkiyə Xarici İşlər Nazirliyinə hüquq müdafiəçisi Kavalanı azad etməyə çağıran 10 ölkənin səfirini persona non-qrata elan etmək barədə tapşırıq verib.
Bu arada, Türkiyənin NTV kanalı Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfirliyinin sözügedən bəyanatını müsbət qarşıladığı barədə xəbər yayıb. Bu barədə NTV-yə Ərdoğanın yaxın ətrafından məlumat verilib.
Xatırladaq ki, Osman Kavala tanınmış türk hüquq müdafiəçisi, Anadolu Kültür AŞ mədəni fondunun qurucusudur. 2020-ci ilin fevral ayında Türkiyə məhkəməsi 2013-cü il İstanbul Gezi Parkı etiraz aksiyalarında hökuməti devirmək cəhdində iştirak etmək ittihamı ilə həbs olunan Kavalaya bəraət versə də, İstanbul prokurorluğu eyni gündə yeni həbs qərarı qəbul edib. Kavalaya qarşı bu dəfə 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə iştiraka görə yeni ittihamlar irəli sürülüb.
Eləcə də oxuyun: