BAKI, 24 oktyabr - Sputnik. İspaniyaya məxsus Kanar adalarında son vaxtların ən güclü yeraltı təkanları qeydə alınıb. RİA Novosti xəbər verir ki, Palma adasında baş vermiş zəlzələnin gücü 4,9 bala çatıb.
İspaniya Milli Coğrafiya İnstitunun verdiyi xəbərə görə, zəlzələnin episentri 38 km dərinlikdə olub.
Xəbərdə qeyd olunur ki, yeraltı təkan nəticəsində vulkanın əsas konusu yenidən dağılıb.
Qeyd olunur ki, son bir ay yarımda Palma adasında on minlərlə təkan qeydə alınıb. Seysmik aktivlik vulkan püskürməsindən iki həftə əvvəl başlayıb.
Xatırladaq ki, Palma adasında vulkan püskürməsi sentyabrın 19-da başlanıb. Bundan 10 gün sonra lava axaraq okeana çatıb və orada çıxıntı əmələ gətirib. Lava ümumilikdə 850 hektar ərazini ağuşuna alıb.
Nəticədə əksəriyyəti yaşayış binası olan 1300-dən çox tikili dağılıb. Adadan 7000 nəfərdən çox insan təxliyə olunub.