BAKI, 24 oktyabr — Sputnik. Alpinist peşəsi maraqlı olduğu qədər təhlükəlidir. Həyatını riskə atıb hobbisinin arxasınca düşərək illərini zirvələrin fəthinə həsr edən Qərib Tağızadə 1989-cu ildə Bakının Binə qəsəbəsində dünyaya göz açıb. Neft-qaz sahəsində yüksəklik işlərində sənaye alpinizmində çalışır. Sputnik Azərbaycan-la söhbətində Qərib Tağızadə hər kəsə romantik görünən peşənin xırdalıqlarından bəhs edib.
- Alpinizmlə nə vaxt və necə məşğul olmağa başladınız?
- 2012-2013-cü illər idi. Bir gün dostum Nurlan Xudazarov dağlara gedirdi. Mənə ümumiyyətlə dağlara getmək, zirvələrə qalxmaq həmişə maraqlı olub. Həyatım boyu istəmişəm nələrisə kəşf edim. Və bu həvəs dostuma qoşulub onunla bu yolda addımlamağıma təkan verdi. İlk səfərimdən alpinizmi özümdə kəşf etdim.
- Yaxşı alpinistin nəyə ehtiyacı var?
- Alpinizm üçün bol vaxt, yaxşı maddiyyat, güclü sevgi və dözümlülük əsas şərtlərdəndir. Sadaladıqlarımdan biri olmadıqda bu işdə ya zəifləyirsən, ya da heç məşğul ola bilmirsən. Çünki alpinizm çox təhlükəlidir. Bəzi dağlarda həyati risk yüksək olur və zirvəyə qalxdıqca ölüm faizlə ölçülür. Ümumiyyətlə, alpinizmdə çətinlikləri sadalamaqla bitmir. Ən dəhşətlisi də soyuqda, sərt hava şəraitində, çətin relyefdə, qar və dağ uçqunlarında hər an ölümlə üzbəüz qalmaqdır. Bunu ancaq yaşayan bilir. Sözlə ifadə etmək çox çətindir.
Alpinist Qərib Tağızadə
© Photo : Courtesy of Garib Tagizade
- Hansı zirvələri fəth etmək şansınız olub?
- Azərbaycanda bir çox zirvələrdə olmuşam. Böyük Qafqaz dağlarından Bazardüzü, Şahdağ, Çingiz, Gənclik, Heydər Əliyev, Atatürk, Qızılqaya zirvələrinə qalxmışam. Hündürlüyü 4191 metr olan Tufandağdan sonra Qafqazın ən böyük zirvələrindən olan Kazbek dağına (5054 m) çox çətin də olsa, qalxmağı bacardım. Bundan başqa, Qafqazın ən çətin zirvələrindən biri olan Uşbaya qalxmağa cəhd etdim. Bu zirvə Gürcüstanın Svaneti bölgəsi ilə Rusiyanın Kabardin-Balkar bölgəsinin cənub hissəsində yerləşir. Çox gözəl bir zirvədir. İnsan qalxdıqca gözəllikdən həzz alır. Təəssüf ki, o zirvəyə qalxa bilmədim, amma çox böyük təcrübə yığdım.
Avropanın və Böyük Qafqazın ən uca, dünyanın isə onuncu yüksək zirvəsi olan Elbrusu (5642 m) iki dəfə fəth etmək mənə nəsib olub. Bu, mənim üçün həm maraqlı, həm də qürurverici oldu. Çünki orada üçrəngli şanlı bayrağımızı dalğalandırmaq nəsib oldu. Onu da qeyd edim ki, Elbrus həyatımda qalxdığım ən yüksək zirvə olub. Bundan başqa, İranın Dəmavənd və Savalan dağına iki dəfə qalxdığım olub. Nəzərinizə çatdırım ki, Savalan dağında möhtəşəm bir göl var və bu, həyatımda gördüyüm ən gözəl göldür.
Alpinist Qərib Tağızadə
© Photo : Courtesy of Garib Tagizade
- Alpinizmə başlayanda valideynləriniz etiraz etdilərmi?
- Mən səyahətlərə başlayanda, sözsüz ki, valideynlərim çox narahat olurdular və bu gün də olurlar. Elə vaxt olur ki, günlərlə mənə zəng çatmır və xəbər ala bilmirlər. Həm də bilirlər ki, bu yola çıxan zaman hər şey ola bilər. Amma təzyiq heç vaxt olmayıb. Hər zaman maddi-mənəvi arxamda dayanıblar.
- Yaş həddi varmı? Neçə yaşından başlamaq olur alpinizmə?
- Maksimum yaş həddi yoxdur, amma minimum var. On üç yaşdan, o da valideynlə birlikdə başlamaq olar. Yəni valideynlərdən birinin nəzarəti altında uşaq dağa dırmana bilər. Zirvəyə sərbəst qalxmaq istəyən yeniyetmə isə mütləq 16 yaşını tamam etməlidir. Çünki həm təhlükə, həm qida rasionu 13 yaşdan aşağı uşaqların dağa dırmanmasına mane olur.
- Qida rasionunuzu nələr təşkil edir?
- Bura maksimum dərəcədə yüngül, bol kalorili, rahat hazırlanan qidalar daxildir. Adətən, özümüzlə konservlər, tez hazırlanan şorbalar və şokolad götürürük.
Alpinist Qərib Tağızadə
© Photo : Courtesy of Garib Tagizade
- Səyahətlər zamanı vəhşi heyvanlarla qarşılaşmaq ehtimalı böyükdür. Onlardan qorunmaq üçün nə etmək lazımdır?
- Dağlarda qarşılaşdığım vəhşi heyvanlardan ayıları, dağ keçilərini, canavarları sadalaya bilərəm. Bu heyvanlardan ən təhlükəlisi dağ keçisi və ayıdır. Çünki erkək dağ keçiləri özlərini müdafiə etmək üçün alpinistlərin üzərinə qaya parçaları buraxa bilirlər. Ayılar isə çox zaman balalarını qorumaq məqsədilə insanlara hücum edirlər.
Ümumiyyətlə, heyvanlardan qorxmamaq lazımdır. Çünki onlar qorxunu hiss edirlər. Hər vəhşi heyvan insana hücum çəkmir. Çünki insan onlar üçün potensial yem deyil. Məsələn, ağzı açılmış konservi çadırda saxlamasaq, belə bir təhlükədən sovuşmaq mümkündür.
- Şimal bölgəsinə tez-tez səyahət edirsiniz. Bunun hansısa bir səbəbi varmı?
- Bəli, şimal bölgəsindəki zirvələrə qalxmağı çox sevirəm. Səbəb isə oradakı zirvələrin hündürlüyünun 4000 metrdən yüksək olmasıdır. Bu dağların çoxu Quba ərazisində yerləşir. Ən çox qalxdığımız isə Şahdağ yaylağı olur. Şahdağın ərazisi çox böyük və maraqlıdır.
Alpinist Qərib Tağızadə
© Photo : Courtesy of Garib Tagizade
Burada bir məqamı da nəzərinizə çatdırım. Şahdağ yaylaqlarına çobanlar qoyun sürüləri çıxarırlar. Biz zirvəyə qalxanda həmin yaylaqlarda çadırlar qurub sonra qalxırıq. Biz yuxarıda olanda çadırlarımız da çoban itlərinin "işğalına" məruz qalır. Bunun dəfələrlə şəhidi olmuşuq. Amma sübh tezdən dağ keçilərinin ehtiyatla düşüb su içməyini izləmək nəyə desən dəyər burada.
- Yadınızda qalan ən maraqlı hadisə hansı olub?
- Demək olar ki, hər səfərimdə maraqlı hadisələr baş verir. Amma ən yadda qalanı Kazbek dağına qalxdığımız zaman olub. Orada bir yer vardı, üstü qarla örtülü buz sahəsiydi. Buzlaq çatlarının üstündən keçəndə ekspedisiya yoldaşlarımızdan biri yıxılıb həmin çata düşdü. Yaxşı ki, qabaqcadan tədbirimizi görmüşdük. Bir-birimizə sığorta kəndiri ilə bağlı idik və yoldaşımızı sağ-salamat oradan çıxara bildik.
Bir neçə dəfə uçquna düşmüşük. Bələdçimiz Firuz Dadaşovun təcrübəsi sayəsində sağ qalmağı bacarmışıq. Amma onu da qeyd edim ki, yenidən həyata gəlsəydim, yenə alpinist olardım. İnsan bir dəfə də olsun zirvə keyfi yaşamalıdır. Zirvələr sözün yaxşı mənasında bir azadlıq, səbir, hürriyyət xəstəliyidir.
Eləcə də oxuyun:
* Alpinist xanım: "İnsan kiməsə görə xəyallarından vaz keçəndə bir gün heçə çevrilir" - FOTO
* Xınalıqda "Xarı-bülbül" lövhəsi ucaldıldı - FOTO
* Alpinistlərin Ağrı dağına çıxmasına icazə veriləcək
* Meyiti tapılmış alpinist xanımın dostu: "Yanındakı iki nəfər onu məndən qopardı"