MƏDƏNİYYƏT

Xanəndə Səxavət Məmmədovun doğum günüdür

Cəmi 38 il ömür sürən Səxavət Məmmədov təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanıb, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırıb.
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. Bu gün tanınmış xanəndə, muğam ustası Səxavət Məmmədovun anadan olmasının 68-ci il dönümüdür.
Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açıb, uşaqlıq və gənclik illərinindən "Segah" muğamına bağlı olan sənətkarın, oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül", "Sona Bülbüllər" və s. Mərhum sənətkarın ən yaddaqalan ifalarından olan "Azad bir quşdum" mahnısıdır.
1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə "Hümayun" xalq ansamblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı "Qarabağ" instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.
"Qarabağ" instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranıb. Cəmi 38 il ömür sürən Səxavət Məmmədov təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanıb, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırıb.
Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişib.