BAKI, 23 oktyabr — Sputnik. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Tikintiyə icazələrin verilməsi" üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda cari ilin 9 ayı ərzində Fəaliyyət Planının icrası ilə əlaqədar görülmüş işlər, icrası davam edən bəndlər üzrə hazırkı vəziyyət, qarşıda duran vəzifələr və daha öncəki iclasda alınan qərarların icra vəziyyəti müzakirə olunub.
Tədbirdə, eyni zamanda, "Bir pəncərə" "e-sistemi" vasitəsilə ekspertizası tələb olunan obyektlər üçün icazələrin verilməsi modulunun istifadəyə verilməsi və sistemin məlumatlandırılma icraatı modulunun ölkə üzrə tətbiqi və genişləndirilməsinə dair vəziyyət haqqında məlumat iclas iştirakçılarının diqqətinə çatdırılıb və ümumilikdə "e-sistemi"n təkmilləşdirilməsi yönündə aparılan işlər və gələcək hədəflər haqqında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, 2021-ci ilin Fəaliyyət Planının 9 aylıq yekun qiymətləndirilməsinə hazırlıq və növbəti il üçün Fəaliyyət Planının hazırlanmasına dair təkliflərin təqdim edilməsi ilə bağlı işlərin sürətləndirilməsi və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi qərara alınıb.
Qeyd olunub ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb. Məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi, bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.
Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədilə komissiya tərəfindən 19 işçi qrupu yaradılıb. "Tikintiyə icazələrin verilməsi" üzrə işçi qrupuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərlik edir.