BAKI, 23 oktyabr - Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu almaniyalı həmkarı Anneqret Kramp-Karrenbauerin Rusiyanın qarşısının nüvə silahı tətbiq etməklə alınmasının zəruriliyi barədə bəyanatına cavab verib. RİA Novosti xəbər verir ki, rusiyalı nazir ölkəsinin sərhədlərinə qoşunların toplanmasının nə ilə nəticələndiyini Berlinin bilməli olduğunu deyib.
Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer oktyabrın 21-də Qara dəniz, Baltik dənizi, eləcə də hava məkanında Rusiyanın qarşısının alınması üçün NATO-nun nüvə silahı tətbiq edə biləcəyi barədə suala cavab olaraq deyib ki, Rusiyaya aydın başa salmaq lazımdır ki, Qərb dövlətləri bu vasitələrdən də istifadə etməyə hazırdır.
"Rusiyanın qarşısını hərbi yolla almaq çağırışları fonunda NATO ardıcıl şəkildə sərhədlərimizə qüvvə toplayır. Bu cür əməllərin nə ilə nəticələndiyi Almaniya müdafiə nazirinə yaxşı məlum olmalıdır", - deyə Şoyqu vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, "Avropada təhlükəsizlik yalnız ümumi, Rusiyanın maraqlarına xələl gəlmədən ola bilər".
"Lakin bu məsələdə bərabərhüquqlu dialoqa bu gün məhz NATO hazır deyil. Bundan əlavə, NATO-nun Əfqanıstanda "qarşısını almaq" planı elə bir fəlakətlə nəticələndi ki, indi bütün dünya bunun həlli ilə məşğuldur", - deyə Şoyqu əlavə edib.