BAKI, 23 oktyabr — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində Monteneqro parlamentinin sədri Aleksa Becic ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da inkişafı haqqında müzakirələr aparılıb.
Söhbətdə Azərbaycanla Monteneqro arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışılıb, bu sahədə dostluq qruplarının xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi üçün qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, iki ölkə arasında iqtisadi, humanitar, mədəni, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar var.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.