BAKI, 23 oktyabr — Sputnik. Hazırda fəaliyyətdə olan prezident, Özbəkistanın Liberal-Demokratik Partiyasından namizədliyi irəli sürülən Şövkət Mirziyayevlə yanaşı, bu ölkədə ən yüksək kürsüyə daha dörd namizəd var. Belə ki, Özbəkistanın Xalq-Demokratik Partiyası Mərkəzi Şuranın sədr müavini Maqsud Vorisov, Özbəkistan “Milli Dirçəliş” Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzullo Oblomurodov və “Ədalət” Sosial-Demokratik Partiyasından Baxrom Abduxalimovun namizədliyi irəli sürülüb.
Təqdirəlayiq haldır ki, ölkənin ən yüksək kürsüsündə oturmağa iddialı olan namizədlər özlərinin seçkiqabağı proqramlarında təmsil olunduqları partiyalar üçün prioritet hesab olunan məsələlərə diqqət yönəldiblər. Başqa sözlə, əhalinin sosial müdafiəsi, ən aktual ekoloji problemlər, gəncləri maraqlandıran məsələlər və s. diqqət mərkəzində olub.
Seçki ərəfəsində mahiyyət etibarilə ictimaiyyət üçün prioritet təşkil edən məsələlər ön plana çıxır. Buna görə də Özbəkistanda prezident seçkisi yalnız ölkənin sosial-siyasi inkişafında bir mərhələ deyil, həm də özbək cəmiyyətinin vəziyyətini göstərən barometrdir.
Özbək cəmiyyətindən söz düşmüşkən, qeyd etmək lazımdır ki, son beş il ərzində bu ölkədə əhalinin ən mühüm siyasi, sosial-iqtisadi qərarların qəbulunda iştirakı nəzərəçarpacaq dərəcədə artıb. Buna daha çox ictimai qəbullar institutunun formalaşdırılması təsir edib. Bu institutun vasitəçiliyi ilə ölkənin istənilən vətəndaşı birbaşa ölkə başçısına müraciət etmək, problemlərini onun diqqətinə çatdırmaq imkanı əldə edir. Daxil olan bütün müraciətlər bir yerə yığılaraq analiz olunur və konkret qərar qəbul edilir. Nəticəsini isə vətəndaşlar artıq hiss etməyə başlayıblar. Məsələn, onlar ölkə sərhədlərində, xüsusən də, Əfqanıstanda baş verən hadisələrin fonunda son illərdə Özbəkistan cəmiyyəti üçün getdikcə aktuallaşan risk və təhdidlərdən etibarlı şəkildə müdafiə olunduqlarını hiss edirlər.
Daşkənd son illər Əfqanıstandaxili dialoq ideyasını fəal şəkildə irəli sürüb, beynəlxalq və regional vasitəçilərin cəlb edilməsinə səy göstərib, təkcə Əfqanıstan xalqının deyil, həm də bu ölkə ilə həmsərhəd olan ölkələrin vətəndaşlarının da rifahını yaxşılaşdıracaq böyük investisiya layihələrinin inkişafına təkan verib. Bu təşəbbüslər Özbəkistana nəinki bölgədə, həm də sərhədlərindən kənarda da hörmət qazandırıb.
Yuxarıda göstərilənlər, şübhəsiz ki, Özbəkistanda və bu ölkənin xaricində bir çox insanlar üçün islahatların simvolu hesab olunan, Orta Asiya siyasi məkanında aparıcı fiqur rolunu oynayan, prezidentlik yarışının əsas lideri - Özbəkistan Prezidenti Şövkət Mirziyayevə əsaslı dəstək mənbəyi hesab oluna bilər.
Onu da qeyd etmək yerinə düşər ki, Özbəkistanın hazırkı prezidentinin dövründə sağlam təməl üzərində inkişaf etdirilən Azərbaycan-Özbəkistan münasibətləri daha da gücləndirilib və möhkəmləndirilib. Özbəkistan prezidenti II Qarabağ müharibəsində qeyd-şərtsiz Azərbaycanı dəstəkləyən liderlər sırasında olub.
Türk Şurasının qeyri-rəsmi sammitində videokonfrans formatında çıxış edən və həmkarı, Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edən Özbəkistan dövlətinin başçısı qeyd etmişdi ki, “Özbəkistan Qarabağ torpağındakı qədim abidələrin, mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır". Bu sözlər hər bir azərbaycanlının qəlbində əks-səda doğurdu və bir növ ikitərəfli əməkdaşlığın yeni mərhələsinin simvoluna çevrildi.
Bu gün, özbək xalqı qarşıdakı beş il üçün gələcək inkişaf yolunu müəyyən etdiyi bir vaxtda, Azərbaycanda bu seçimin Özbəkistanı daha da gücləndirəcəyinə və iki ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da inkişaf etməsinə səbəb olacağına inananların sayı çoxdur.