BAKI, 23 oktyabr — Sputnik. Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanması gözlənilir. Sputnik Azərbaycan Ermənistan KİV-nə istinadən xəbər verir ki, sənədlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanacaq.
Birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını əhatə edir. Sənədə əsasən SSRİ-nin Müdafiə Nazirliyinin Baş qərargahının 1920-ci il xəritələrinə əsaslarında Bakı və İrəvan bir-birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq.
İkinci sənəd regionda kommunikasiya əlaqələrinin açılması barədə, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək. Sənəd bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlanıb.
Nəşr yazır ki, 9 noyabr tarixi xüsusilə seçilib. Məhz 2020-ci ildə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Rusiyanın vasitəçiliyi ilə üçtərəfli saziş imzalayıb.
Qeyd edək ki, oktyabrın 18-i Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun 8-ci iclasının ilk hissəsi baş tutub. Görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin yanvarın 11-də qəbul etdikləri 4 maddəlik birgə bəyanat çərçivəsində görülən işlərin gedişatı müzakirə edilib.
Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, Moskva görüşündə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2021 -ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin Baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul edilib.