HƏRBİ

Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib

Nazir şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonlarında yerləşən bir sıra döyüş mövqelərində olub, burada xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinə məruzə olunub ki, dövlət sərhədində 3400 metrədək hündürlükdə, o cümlədən Kəlbəcər və Laçın rayonlarının digər sahələrində yerləşən döyüş mövqelərində inşa edilən konteynerlərdən ibarət modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb. Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də istilik sobaları ilə təchiz edilmiş yataqxana mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar və günəş panelləri quraşdırılıb.
Bildirilib ki, döyüş növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və aparılması üçün bütün lazımi şərait yaradılıb. Mövqelər texniki müşahidə avadanlıqları ilə təchiz olunub.
Komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyən general-polkovnik Zakir Həsənov döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib.
Müdafiə naziri hərbi qulluqçular üçün yaradılan şəraiti və onların mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib. Nazir şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Eləcə də oxuyun:
* Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında olub
* Türkiyədə kurs bitirən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi keçirilib
* Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub
* Laçında komanda-qərargah təlimi başlayıb
* Azad olunan rayonlarda yeni hərbi obyektlər istifadəyə verilib