PAYTAXT XƏBƏRLƏRİ

Yol polisindən xəbərdarlıq - "saxla" deyildisə, dayanın!

DYP: Bir daha sürücülərə müraciət edirik ki, hüquqla qorunan qaydalara hörmətlə yanaşsınlar, özlərini və ətrafdakı insanları təhlükəyə atmasınlar.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi "saxla" əmrinə tabe olmayan sürücülərə xəbərdarlıq edib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, son zamanlar bəzi sürücülərin yol polisi tərəfindən nəqliyyat vasitəsinin saxlanmaq tələbini yerinə yetirməməsi kimi hallara rast gəlinir:

"Bu cür hallar daha sonra polis işçisinin ictimai qaydanın mühafizəsi vəzifəsini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olunmaması hallarına gətirib çıxarır. Bu vəziyyət isə yollarda sürücülərin və hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır. Belə məsuliyyətsiz addımları atan sürücüləri cərimə ilə yanaşı, inzibati həbs cəzası da gözləyir. Bir daha sürücülərə müraciət edirik ki, hüquqla qorunan qaydalara hörmətlə yanaşsınlar, özlərini və ətrafdakı insanları təhlükəyə atmasınlar. Qanunların tələbləri çərçivəsində həyat tərzi keçirmək bizi məsuliyyətdən və bədbəxt hadisədən qoruyur".