BAKI, 22 oktyabr — Sputnik. Biznes təmsilçilərinin müvafiq sahədə maarifləndirilməsi nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib.
O, pandemiya zamanı da BMT-nin qlobal tədbirlərinin davam etdirildiyini, zəruri alətlər yaradıldığını vurğulayıb: "KOBİA KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılmasına xüsusi əhəmiyyət verir və bu istiqamətdəki təşəbbüsləri yüksək qiymətləndirir. KOB inkişaf mərkəzləri vasitəsilə KOB-ları maarifləndiririk. Yaşıl enerji, təkrar xammal emalı və dairəvi iqtisadiyyat sahəsində cəlb olunan şirkətlərin müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirakını dəstəkləməklə fəaliyyətini təşviq edirik. KOBİA tərəfindən xüsusi qrant proqramları da hazırlanıb və proqram yeni yaşıl texnologiyaların inkişafı, tətbiqi, yanacağa qənaət, təkrar emal və bu kimi bir sıra təşəbbüslərin reallaşmasına maliyyə dəstəyini göstərməyi özündə ehtiva edir. Kiçik və orta bizneslərin bu təşəbbüslərdə iştirakını nəzərdə tuturuq".
O bildirib ki, KOBİA KOB-lara yönələn tələblərin təşviqini genişləndirəcək.