CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Umayra Tağıyeva: quraqlıq iqtisadiyyat və əhali üçün böyük problemlər yaradır

Departament direktoru: Azərbaycan da iqlim dəyişikliyinə həssas ölkələrdən biridir. Çoxillik metroloji materialların təhlili də bunu sübut edir.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Son 10 illikdə təbii fəlakətlərin sayı 5 dəfə artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, son illər gündəlik həyatımızda da iqlim dəyişikliyinin təsirləri ilə qarşılaşırıq:

"Dövlətlərin inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr iqlim dəyişikliyinə həssasdır. Ümumdünya Metrologiya Təşkilatının baş katibi bildirib ki, qlobal emissiyalarda Azərbaycanın payı 0,15 faiz təşkil edir. Azərbaycan da iqlim dəyişikliyinə həssas ölkələrdən biridir. Çoxillik metroloji materialların təhlili də bunu sübut edir".

O bildirib ki, 1960-2000-ci illərdə ölkədə sel və daşqınlar ildə 2-3 dəfə baş verirdi, ötən il bunların sayı 35, cari ildə isə 37 olub:

"Ötən il və cari il yaşadığımız quraqlıq artıq həm iqtisadiyyat, həm də əhali üçün böyük problemlər yaradır ki, bu da iqlim dəyişikliklərinin fəsadıdır. Bu və bir neçə problemi sadalaya bilərik. Kənd təsərrüfatı üçün risklər artır və bununla dayanıqlı inkişaf məqsədlərinə çatmaq çətinləşir".

Onun sözlərinə görə, su ehtiyyatlarının səmərəli idarə edilməsi ilə bağlı komissiya yaradılıb və onun koordinasiyası ETSN-ə həvalə olunub.

"Bir sıra aidiyyəti qurumlar su çatışmazlığı probleminin həlli ilə bağlı bu işə cəlb olunub. İlk növbədə qarşımızda duran əsas vəzifələrdən biri su ehtiyyatlarının düzgün qiymətləndirilməsidir".