BAKI, 22 oktyabr — Sputnik. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin müavini Nikolay Bondarenko arasında görüş keçirilib.
Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində inkişafından söz açılıb.
Söhbət zamanı xalqlararası mədəni təbliğatın təşviqi, qarşılıqlı mədəni tədbirlərin təşkili istiqamətində fikir mübadiləsi aparılıb, gələcək mədəniyyət layihələri müzakirə olunub.
Sevda Məmmədəliyeva 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illik yubileyinə həsr olunan tədbirlərin keçirilməsi, o cümlədən Ermitaj Muzeyində gerçəkləşən tədbirlərin əhəmiyyətini qeyd edib.
Söhbət zamanı Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası komissiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Sankt-Peterburq şəhərində yerləşən muzeylərlə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, mədəni irs sahəsində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonra Rusiya Milli Kitabxanasında Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğu və kitabxananın təşkilatçılığı ilə incəsənət xadimlərimiz – Teyyub Aslanov (xanəndə), Əliağa Sədiyev (tarzən), Elnur Mikayılov (kamança), Kamran Kərimov (nağara), Mircavid Cəfərov (ud) və Vurğun Vəkilovun (piano) iştirakı ilə Nizami Gəncəvinin sözləri əsasında konsert proqramı təqdim olunub.
Daha sonra kitabxanada "Nizaminin sözünü hiss et" adlı sərginin açılışı keçirilib. Tədbirdə çıxış edən kitabxananın direktoru Vladimir Qronski dahi Azərbaycan şairinin parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığını deyib. O, Nizami Gəncəvinin 880 illik yubileyinin şairin əsərlərinin sərgiləndiyi Rusiya Milli Kitabxanasında qeyd olmasını əlamətdar hadisə adlandırıb.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında Nizami Gəncəvinin müxtəlif mövzularda yazdığı beş məsnəvi-poemadan ibarət "Xəmsə"si ilə həm müasirləri, həm də ondan sonra bu növdə əsər yazan bir çox şairə öncüllük etməsi, dahi şairin Rusiyanın məşhur kitabxana və muzeylərini bəzəyən əsərlərinin Şərq miniatür sənətinin inkişafına da təkan verdiyini qeyd edib.
Tədbirin sonunda qonaqlar sərgi ilə tanış olublar. Sərgidə Nizami Gəncəvi əsərlərinə müxtəlif dövrlərdə çəkilmiş illüstrasiya ənənəsini özündə əks etdirən nəşrlər yer alıb.
Sərgi ziyarətçilərin dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmiş Nizaminin yaradıcılığı ilə yaxından tanış olmalarına imkan yaradıb.
Qeyd edək ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Rusiyanın Sankt-Peterburq şəhərində müxtəlif tədbirlər keçirilir. Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti bu tədbirlərdə iştirak etmək üçün Sankt-Peterburqda səfərdədir.
Həmçinin oxuyun: