BAKI, 22 oktyabr — Sputnik. Rusiya daimi əsasda öz maraqlarının qorunması üçün tədbirlər görür. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Rusiya tərəfi heç vaxt NATO barədə illüziyaya qapılmayıb. Biz bu alyansın mahiyyətini bilirik. Bu, elə təşkilatın mahiyyətinin təsdiqidir", - deyə Peskov bildirib.
O vurğulayıb ki, bu alyans sülh üçün yaradılmayıb, o, qarşıdurma üçün yaradılıb:
"O, qarşıdurma üçün düşünülüb, qurulub və hazırlanıb. O, öz funksiyasını yerinə yetirir".
Qeyd edək ki, oktyabrın 18-i Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya noyabrın birindən Şimali Atlantika Müqaviləsi Təşkilatı - NATO ilə təmaslar üçün daimi nümayəndəlik və digər qurumların işini dayandıracaq.
"NATO-nun addımlarına cavab olaraq, biz öz daimi nümayəndəliyimizin işini dayandırırıq <...>, o cümlədən baş hərbi nümayəndəmizin fəaliyyətini dayandırırıq. Yəqin ki, noyabrın birindən və ya ola bilsin ki, bunun üçün bir neçə gün daha lazım ola bilər", - deyə Lavrov mətbuat konfransında bildirib.
Bundan əlavə, NATO-nun Moskvadakı hərbi missiyasi da qeyri-müəyyən müddətə qədər fəaliyyət göstərməyəcək, informasiya bürosu isə bağlanacaq.
Lavrov, eyni zamanda vurğulayıb ki, hazırda tərəflər arasında hərbçilər xətti üzrə heç bir əlaqə yoxdur:
"Əgər natoçuların təcili işi çıxsa, onda onlar bununla bağlı bizim Belçikadakı səfirimizə müraciət edə bilərlər".