BAKI, 22 oktyabr — Sputnik. Demokratik İslahatlar Partiyasının sədri, ixtisasca həkim olan millət vəkili, tibb elmləri doktoru Asim Mollazadə əhaliyə vaksinasiya ilə bağlı müraciət edib.
Sputnik Azərbaycan-a açıqlamasında deputat bildirib ki, son zamanlar Azərbaycanda koronavirusa yoluxma hallarının artdığı müşahidə edilir. Bu, virusun yeni və daha sürətlə yoluxduran ştammlarının ölkədə yayılması ilə bağlıdır.
Millət vəkili bunu əhalinin böyük bir hissəsinin vaksinasiyadan keçməməsi ilə əlaqələndirib. Odur ki ölkə əhalisini vaksinasiya prosesinə ciddi yanaşmağa çağırıb:
"Mütləq vaksinasiya etdirmək lazımdır. Dövlət Azərbaycanı hər növ vaksinlə təmin edib. Biz xəstəliyin yayılmasının qarşısını vaksinlə, immuniteti artırmaqla, immun cavabını əldə etməklə ala bilərik. Hansısa təhlükənin, qapanmanın, karantinin olmaması üçün mütləq əhalinin böyük bir hissəsi vaksinasiya prosesindən keçməlidir. Əks halda, bunun çox pis fəsadları olacaq. Vaksin olunmayan vətəndaşlarımız ciddi xəstəliklə mübarizədə immunitetsiz qalacaqlar. Bu isə epidemiyanın daha geniş vüsət almasına səbəb olacaq. Ona görə də hamı vaksin üçün müraciət etməlidir".
Asim Mollazadə qeyd edib ki, vaksinin hər hansı fəsadları yoxdur və onu qəbul edərkən həyatımıza hansısa təhlükə yaranmır. Ancaq kütləvi vaksinasiya bizi epidemiyanın ağır fəsadlarından qoruya bilər.
Xatırladaq ki, ixtisasca həkim olan Asim Mollazadə tibb elmləri doktoru, Rusiyanın Seçenov adına Tibb Akademiyasının professorudur.