CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN hamını sarsıdan qəza ilə bağlı açıqlama verdi

Hadisə oktyabrın 21-də Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun arvadı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb.
Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.
Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
***
Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Sputnik Azərbycan-ın sorğusuna cavabda hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, hadisə oktyabrın 21-də Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Ford" markalı minik avtomobili hərəkətdə olarkən sürücü anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı avtomobilin sürücüsü, 38 yaşlı Tağıyev Emin Ağamir oğlu və sərnişini, 35 yaşlı Ələsgərova Günel İnqilab qızı hadisə yerindəcə dünyasını dəyişib. G.Ələsgərovanın oğlu isə xəsarət alıb.
Xatırladaq ki, qəza zamanı ölən G.Ələsgərova Vətən müharibəsi şəhidi, "Qarabağ" ordenli mayor Rəhim Hüseynovun həyat yoldaşıdır. O, Bakıdan rayona şəhid R.Hüseynovun anım mərasiminə gedirmiş.