TƏHLİL

"Yer yerindən oynayacaq": Əgər Ukrayna NATO-ya daxil olsa…

Brüsseldə oturanlar okeanın o tayından verilən bir siqnalla başqalarının müharibəsinə qoşulacaq qədər axmaq adamlar deyillər.
Sputnik
Andrey Kots, RİA Novosti-nin şərhçisi
Amerikanın müdafiə naziri Lloyd Ostin Ukraynaya rəsmi səfəri zamanı bəyan etdi ki, Vaşinqton bu ölkənin Silahlı Qüvvələrini silahlandırmağa davam edəcək. Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ hakimiyyəti Kiyevin NATO-ya üzv olma cəhdlərini bütünlüklə dəstəkləyir və heç kimin buna mane olmağa haqqı çatmır.
Moskvada isə bunu keçilməməsi tələb olunan qırmızı xətt hesab edirlər. Ukrayna Şimali Atlantika Alyansına üzv olacağı təqdirdə Rusiya və bütün dünyanı hansı təhlükə gözləyir? Sualın cavabı RİA Novosti-nin növbəti materialında.
Qırmızı xətt
Ostinin Ukrayna səfəri böyük coşqu ilə keçdi. Dövlət KİV-ləri sevindiklərini gizlətmədən təsdiqlədilər ki, artıq NATO-ya üzvlük məsələsi praktik olaraq həllini tapıb.
Bununla belə, Pentaqonun rəhbəri konkret heç nə vəd etməyib: yalnız suverenliyin və Şimali Atlantika Alyansına daxil olmaq cəhdinin dəstəklənməsi, eləcə də açıq qapılar barədə ümumi müddəalardan savayı.
Bir sözlə, bu sadəcə nəzakət xatirinə gedilən səfər deyildi. Ostinin təyyarəsi Kiyevə eniş edən vaxt ABŞ Silahlı Qüvvələrinin iki strateji B-1 bombardmançısı nümayişkaranə şəkildə Qara dənizin üzərindən keçirdi. Mesaj kifayət qədər aydındır: "Biz sizin sərhədlərinizdə uzun müddətlik möhkəmlənirik".
Hərçənd, nə Brüssel, nə də Vaşinqton Ukraynaya NATO-ya qoşulma zəmanəti verməsə də, Kremldə bu perspektivə kifayət qədər ciddi yanaşırlar. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu, Rusiyanın milli maraqlarla bağlı qırmızı xəttini kobud şəkildə pozacaq və Moskva "öz təhlükəsizliyinin təminatı naminə ən fəal tədbirləri" görməli olacaq.
Ukrayna buna dərhal reaksiya verdi. Bu ölkənin XİN rəhbəri Dmitri Kuleba təkəbbürlə bəyan etdi ki, Moskvanın bu məsələ ilə bağlı fikri Kiyevi narahat etmir. Rusiya senatoru Aleksey Puşkov ona belə cavab verdi: əksinə, bu məsələ ABŞ-ın NATO üzrə avropalı müttəfiqlərini çox narahat edir. Çünki onlar alyansın yeni üzvünə görə nüvə dövlətinə qarşı mübarizə aparmaq istəmirlər və bu, Qərbə problemdən başqa heç nə verməyəcək.
Xoşbəxtlikdən, bu qitədə əsgərlərini heç nəyin üstündə ölümə göndərmək arzusunda olanların sayı çox deyil. Ekspertlər etiraf edirlər: yaxın gələcəkdə çətin ki, Ukraynanı Şimali Atlantika Alyansına qəbul etsinlər.
RİA Novosti-nin xəbər verdiyi kimi, Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə Komitə rəhbərinin birinci müavini Vladimir Cabarov bildirib ki, Lloyd Ostin bu sözlərlə artıq alyansa üzvlüyü isterik tonla tələb etməyə başlayan Kiyev hakimiyyətini sadəcə sakitləşdirmək istəyib. Amma hər bir halda, Ukraynanın tezliklə olmasa da, əvvəl-axır NATO-ya qoşulacağı tamamilə inandırıcıdır. Çünki amerikalılar Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə çox pul xərcləyiblər. Onlar isə kisənin ağzını əbəs yerə açmazlar.
Donbas məsələsi
"Ukrayna, həqiqətən də, Rusiya üçün NATO-nun heç bir vəchlə keçməsinə imkan verilməyəcəyi qırmızı xəttidir. Səbəbi isə sadədir: Ukrayna xalqı etnik olaraq rus xalqına identikdir. Mahiyyət etibarı ilə bu ölkənin NATO-ya daxil olması vətəndaş müharibəsi üçün ilkin şərait yaradacaq. Bu isə ABŞ üçün çox sərfəli olardı. Pentaqon artıq Ukrayna Silahlı Qüvvələrindən birinci eşelon qoşunu yaradır ki, Şimalı Atlantika Alyansının Rusiya ilə mümkün münaqişəsi vəziyyətində həmin qoşun ən irəlidə gedəcək və birinci həlak olacaq. Necə deyərlər, Vaşinqton Moskva ilə axırıncı ukraynalı qalana kimi döyüşməyə hazırdır", – deyə RİA Novosti-yə müsahibəsində hərbi elmlər doktoru Konstantin Sivkov bildirib.
Ekspert əmindir ki, Ukraynanın NATO-ya daxil olmasından sonra alyansın Şərq sərhədlərində dərhal Qərbin kəşfiyyat aparatları peyda olacaq. Bu aparatlar isə Urala kimi hava və yerüstü durumu monitorinq etməyə qadirdir. Ardınca isə ABŞ orada Raket Əleyhinə Müdafiə Sistemi yerləşdirəcək.
"Donbas məsələsini də yaddan çıxartmamaq lazımdır. Ukraynanın NATO-ya daxil olmasından sonra Qərb ölkələrinin əsgərlərinin tanınmamış respublikalarla döyüşməsi mümkündür. Onda "DXR" və "LXR"-i ya tam məğlubiyyət gözləyir, ya da Rusiya onları müdafiə edəcək ki, bu da Qərblə açıq münaqişəyə gətirib çıxaracaq", – deyə Sivkov əlavə edir.
Ekspertin fikrincə, bu halda Kremlin adekvat tədbiri "respublikalar"ın tanınması və onların Rusiyanın tərkibinə daxil edilməsi olacaq ki, Qərbdə bundan çox ehtiyat edirlər. Eyni zamanda Rusiyanın qərb sərhədləri daha güclü şəkildə möhkəmləndirilməlidir.
"Hər bir halda, Ukraynanın NATO-ya üzv olması bizim üçün ciddi təhlükədir və buna məhəl qoymamaq yolverilməzdir", – deyə Sivkov vurğulayıb.
Qayda yoxdur
Hazırda Ukraynanın NATO-ya üzv olmasına əsas maneə Donbasdakı müharibədir. Təşkilatın nizamnaməsinə görə, ərazi, etnik və ya siyasi münaqişələri həllini tapmamış dövlətlər NATO-ya qəbul olunmur. Brüsseldə oturanlar okeanın o tayından verilən bir siqnalla başqalarının müharibəsinə qoşulacaq qədər axmaq adamlar deyillər. Orada yaxşı başa düşürlər ki, ən azından hansısa formallığa əməl etmək lazımdır.
Digər tərəfdən, bu, alyans ölkələrinə beynəlxalq hüquqa zidd olaraq Kosovanın müstəqilliyini tanımağa imkan verərdi. Eynilə Təhlükəsizlik Şurasının icazəsi olmadan İraqa soxulmaq kimi.
"Biz güzəştə gedirik, ancaq Qərb bizə qarşı bunu eləmir. NATO şantaja davam edir. Onların son addımı diplomatlarımızın Rusiyanın ittifaqla qarşılıqlı əlaqəsindən məsul olan bütün strukturlardan qovulması oldu. Soyuq müharibə illərində meydana gəlmiş qarşılıqlı münasibətlərin qurulması prinsipləri artıq köhnəlib. Hazırda yalnız güclü olan tərəfin hüququ qüvvədədir. Və əlbəttə ki, Ukrayna da bu güclülər dünyasına qoşulmaq istəyir", – deyə Hərbi Elmlər Akademiyasının professoru Sergey Sudakov bildirir.
Politoloqun fikrincə, Rusiya ən azından ölkə üçün nəyin təhlükəli olduğunu və nəyin olmadığını açıq şəkildə ifadə edən milli təhlükəsizlik konsepsiyası yaratmalıdır.
"Bilməliyik ki, hansı məsələ bizim üçün "casus belli"dir, hansına isə əhəmiyyət verməmək olar", – deyə Sudakov vurğulayır. Onun fikrincə, Ukraynanın NATO-ya qəbulundan sonra müharibə üçün birbaşa bəhanə Amerikanın quruda yerləşən "Tomahawk" raketlərinin Rusiya sərhədlərində yerləşdirilməsi ola bilər.
"Son ana qədər hansı döyüş başlığı ilə təchiz olunduqlarını bilməyəcəyik. Bu, standart qəlpə-partlayıcı başlıq da ola bilər, nüvə başlığı da. Bir neçə min "Tomahawk"dan açılan yaylım atəşinin qarşısını almaq çox çətindir, hərçənd bizim Raket Əleyhinə Müdafiə Kompleksimiz dünyada ən inkişaf etmiş sistemdir", – deyə Sudakov vəziyyətə aydınlıq gətirir.
Belə görünür ki, vəziyyətin ciddiliyini Znamenka 19-da (Rusiya Müdafiə Nazirliyinin yerləşdiyi ünvan - red.) da başa düşürlər: əsas əfsanəsi qərbdən hücuma qarşı müdafiə olan Qərb hərbi dairəsinin qoşunları mütəmadi olaraq təlimlər və komanda-qərargah manevrləri keçirir.