BAKI, 21 oktyabr — Sputnik. Son günlər Avropalı rəsmilərin Azərbaycana intensiv səfərləri müşahidə edilir. NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Pirizin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəldi və burada önəmli görüşlər keçirildi.
NATO rəsmisi səfərin Azərbaycan tərəfi ilə müzakirələrin bölgədəki cari vəziyyətlə bağlı ətraflı məlumatın əldə edilməsi baxımından çox faydalı olduğunu bildirdi. Daha bir səfər isə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın timsalında baş tutdu. Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq, aktual regional məsələlərin müzakirə olunacağını açıqladı.
Son zamanlar regiona qərb qurumlarının aktivləşən səfərləri nə ilə bağlıdır? Bu səfərlər regional proseslərə hansısa formada təsir göstərə bilərmi?
Mövzu ilə bağlı politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-la fikirlərini bölüşüb.
Politoloq bildirib ki, müharibədən sonra belə səfərlərin olacağı gözlənilən idi: "Uzun illər Azərbaycana baxış keçmiş Qarabağ münaqişəsi prizmasından idi. Ölkə Prezidenti İlham Əliyev münaqişəni həll etdi. Müharibə də göstərdi ki, Azərbaycan sahib olduğu gücün az bir hissəsini işlətməklə münaqişəni həll etdi. Bu isə öz növbəsində Azərbaycana baxışı dəyişdi".
Politoloq qeyd edib ki, indi hər kəs Azərbaycanın sürətlə artan imkanlarını görür və bu da Avropa siyasi dairələrinin aktivləşməsinə gətirib çıxarır: "Biz bunu son vaxtlar Bakıya səfər edən Avropa dövlətlərinin timsalında görə bilərik. Minsk qrupunun həmsədr ölkəsi Fransanın tutduğu mövqedən kəskin dönüş etməsi, Azərbaycanla yaxınlaşmaq cəhdləri bu siyasətin tərkib hissəsidir. Münaqişəyə qədərki dövrdə Avropa erməni mərkəzli siyasət aparırdı. Bu siyasətə təsir edən bir çox amillər var idi. Ona görə də Avropanın Azərbaycandakı siyasəti iflasdadır".
Onun sözlərinə görə, Avropa təşkilatları başqa dövlətlərə dediyi kimi, Azərbaycanla diktə ilə danışa bilmir. Politoloq hesab edir ki, NATO nümayəndəsinin səfəri regionla tanışlıq xarakteri daşıyır: "Hazırda elmi əsaslara söykənən yeni siyasi mərhələ başlayır. Azərbaycan Avropa ilə əlaqələri sıxlaşdırmaqla regionda balans siyasətinin tərkib komponentlərində müəyyən dəyişiklik edə bilər. Bu isə regionda təhlükəsizliyi gücləndirə, Cənubi Qafqaz regionun üç dövləti arasında inteqrasiyanı möhkəmləndirə bilər".
Mübariz Əhmədoğlu vurğulayıb ki, bütün bu proseslərdən Avropa İttifaqı da qazanar.
"Bu səfərlər post-müharibə dövründə regionda yeni bloklaşmaların qarşısının alınmasına xidmət edirmi?" sualına cavabında isə o bildirib ki, hazırda bunun üçün əsas yoxdur. Politoloq hesab edir ki, regionumuzda ənənəvi bloklaşma arxa plana keçib: "Hazırda regionda əsas olan altılıq formatının işə salınmasıdır. Region ölkələrinin bəzilərində bu formata münasibət birmənalı deyil. Ancaq onlar həm də anlayırlar ki, bundan kənarda qalmaq da düzgün deyil".