HADİSƏ

Bərdədə əməliyyatdan sonra ölən qadının qohumları: "Bəlkə də dünən ölübmüş..."

Hamilə səhhətində yarandığı problemə görə xəstəxanaya gətirilib və dərhal əməliyyata götürülüb. Mərhumun yaxınları baş verən hadisədə həkimləri günahlandırıblar.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Bu gün səhər saatlarında Bərdədə doğum evində qadın ölümü baş verib. Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinə gətirilən 1991-ci il təvəllüdlü rayon sakini Hüseynova Nahidə Hüseyn qızı xəstəxanada dünyasını dəyişib.
Xəstənin yaxınlarının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hamilə səhhətində yarandığı problemə görə xəstəxanaya gətirilib və dərhal əməliyyata götürülüb. Mərhumun yaxınları baş verən hadisədə həkimləri günahlandırıblar.
"Ölən qadın mənim qardaşmın yoldaşıdır. Gətirdik buraya. Əməliyyat elədilər. Apardılar, qoydular bir soyuq yerə. Heç kim gedib ona baxmadı da. Qaldı nəzarətsiz. Dünən axşam əməliyyat olunub. Əməliyyatdan sonra bizi qoymadılar gedib uşağımıza baxaq. Nə də özləri baxdılar. Nəzarətsizlikdən mənim qardaşımın yoldaşı öldü", - mərhumun qaynı Mətləb Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
Mətləb Hüsyeinov
Mərhumun yaxınlarının sözlərinə görə, ötən gündən etibarən xəstə onlara göstərilməyib. Üstəlik, haqqında da heç bir məlumat verməyiblər. N.Hüseynovanın baldızı Fəxriyyə Cəbiyeva Sputnik Azərbaycan-a bildirib ki, ötən gün axşam saatlarından etibarən ondan xəbər ala bilməyiblər:
"Dünən saat 3-4 arası əməliyyat olub. Dedilər, narahat olmayın, hər şey yaxşıdır, çıxın gedin evə. Biz də fikirləşdik ki, ayılar, zəng vurub danışarıq. Səhər-səhər zəng vurmuşuq telefonuna, zəng çatmayıb. Zəng vurduq həkimə. Həkim dedi ki, xəstənin vəziyyəti pisdir. Bu dəqiqə həkimlər işləyirlər".
Fəxriyyə Cəbiyeva
Mərhumun yaxınları dərhal xəstəxanaya yollanıblar. Amma artıq onlar xəstəxanaya çatanda doğmalarının öldüyü xəbərini alıblar. Fəxriyyə Cəbiyeva deyir ki, onlara Nahidənin ölüm səbəbini həkimlər belə izah ediblər:
"Həkimlər dedilər ki, xəstədə əməliyyatdan sonra tromblaşma gedib, trombdan ölüb. Amma xəstəmizi bizə dünəndən göstərmirlər. Bəlkə də dünəndən ölübmüş, xəbərimiz olmayıb. Bacarmırdılar, imkan verəydilər, başqa xəstəxanaya aparardıq da... Niyə iki uşağı yetim qoyurdular?"
Dünyasını dəyişən qadının əməliyyat səbəblərinə gəlincə isə müsahibimiz bunları bildirib: "Uşaqlıqdankənar hamiləliyi vardı. Ona görə əməliyyat olunmuşdu. Uşaqlıq yolu da götürüldü. Dedik, yəqin, düzəlib. Nə bilək ki, ölüb".
Hadisə ilə bağlı Bərdə rayon Mərkəzi Xəstəxanasından isə heç bir açıqlama verilmədi.
Qeyd edək ki, Nahidə Hüseynovanın 2 övladı qalıb. Hazırda ölüm faktı ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.