HADİSƏ

Baş Prokurorluq on yaşlı Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara cavab verdi

Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Baş Prokurorluq Tovuz rayonunda qətlə yetirilən Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə yayılan məlumatlara münasibət bildirib.
Qurumun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə yayılan məlumatlar əsassızdır: "Bununla bağlı bildiririk ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib. Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyil".
"Azərbaycanın Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd olunur ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!", - Mətbuat Xidmətindən bildirilib.

Ölkəni sarsıdan hadisə

Xatırladaq ki, 2019-cu il noyabrın 21-də saat 23 radələrində vətəndaş Şərif Quliyev Daxili İşlər Nazirliyinin "102 – Xidməti"nə zəng edərək qızı Nərmin Quliyevanın evdən getməsi və geri qayıtmaması barədə məlumat verib, həmçinin eyni məzmunlu ərizə ilə Tovuz rayon Polis Şöbəsinə müraciət edib. Polisdə dərhal lazımi araşdırmalara başlanılaraq Şərif Quliyevin və aidiyyəti kənd sakinlərinin izahatı alınıb, yaşadığı evə baxış keçirilib, zəruri əməliyyat tapşırıqları verilib və toplanmış materiallar 2019-cu il noyabrın 28-də Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilib.
CƏMİYYƏT
Tovuzda qətlə yetirilən azyaşlı qızla bağlı yeni xəbər var
Aparılmış araşdırmalarla Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.
Yanvarın 6-da azyaşlının meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri və digər əməkdaşları, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli mütəxəssisləri Tovuz rayonuna ezam olunublar.
Müəyyən edilib ki, Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərib və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.
2020-ci il yanvarın 6-da saat 19:30 radələrində isə kənd sakini İlkin Süleymanov evlərindən təxminən bir kilometr aralıda Nərmin Quliyevanın meyitini aşkar edib və bu barədə dərhal polisə məlumat verib.
Təxirəsalınmadan hadisə yerinə və meyitə mərhumun atasının və əmisinin iştirakı ilə baxış keçirilib, iş üzrə məhkəmə-tibbi, kriminalistik, bioloji, kimyəvi ekspertizalar təyin edilib, çoxsaylı şahidlər dindirilib, aidiyyəti orqanlara sorğular və əməliyyat tapşırıqları göndərilib.
Tovuz rayonu Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə istintaqı aparılan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Məhkəmə prosesi

Həmin cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib, ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
26 aprel 2021-ci il tarixdə cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Sentyabrın 29-da Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.