BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda yeni texnologiyanın tətbiqi ilə toxum sertifikatlaşdırılmasına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, keyfiyyətsiz, mənşəyi bilinməyən əkin materiallarının, həmçinin dövlət reyestrində qeydiyyatda olmayan bitki sortlarının toxumlarının ticarət dövriyyəsinə daxil edilməsinin və istifadəsinin qarşısının alınması məqsədilə Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən beynəlxalq standartlara uyğun vahid etiketləşdirmə və sertifikatlaşdırma həyata keçirilir.
Bu texnologiyalardan biri də kənar müdaxilənin qeyri-mümkün olduğu, baş verən bütün proseslər üzrə izlənməni təmin edən blokçeyn texnologiyasıdır. Bu il ilk dəfə olaraq Aqrar Xidmətlər Agentliyi tərəfindən dünyanın qabaqcıl ölkələrində istifadə olunan bu yeni texnologiya ölkəmizdə də tətbiq edilib. Bu məqsədlə ilkin olaraq toxum partiyalarının etiketlənməsindən başlanılıb. AXA tərəfindən keyfiyyətinə nəzarət olunan və yoxlanılan toxum partiyalarındakı hər bir kisə ayrılıqda kodlaşdırılaraq etiketlənib, daha sonra laboratoriya analizlərinin nəticələrinə əsasən sertifikatlaşdırılıb.
Fermer aldığı toxumun həqiqətən də keyfiyyətli və sertifikatlı olduğuna əmin olmaq üçün etiketdə olan QR kodu öz smartfonuna oxutdurmaqla, həmçinin "toxum.info.az" saytına daxil olub etiketdə olan nömrəni əlavə etməklə toxumun sertifikatlılığı haqqında ətraflı məlumat əldə edə bilər. Eyni zamanda, sual düyməsini sıxaraq nümunə forması ilə tanış olmaq olar.
Fermerlər bol və keyfiyyətli məhsul əldə etmək üçün aldığı toxumun keyfiyyəti haqqında məlumatı yoxlamağı unutmamalıdır.
Qeyd edək ki, "Toxumçuluq haqqında" qanuna görə Azərbaycanda qablaşdırılmamış və etiketləşdirilməmiş, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı olmayan toxumların ticarət dövriyyəsinə daxil edilməsi qadağandır.
Eləcə də oxuyun:
* İsrail mütəxəssisləri İsmayıllıda dronların idarə olunması ilə bağlı təlimlər keçirlər
* Gedin, pay torpağına görə çıxarış alın, yoxsa subsidiya verilməyəcək
* "Ağ qızıl"ın qara dərdi: "Əlli manat hansı problemimizi düzəldə bilər?"