BAKI, 20 oktyabr - Sputnik. Uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq. Şanlı ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi. Beləliklə, 27 illik işğala son qoyuldu.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib:
“İndi mən xoş gəlmisiniz deyirəm, çünki mən sizi dəvət etmişəm bu gözəl tarixi birlikdə burada qeyd edək. Amma ondan sonra mən Zəngilana gələndə zəngilanlılar xoş gəlmisiniz deyəcəklər”.
Prezident qeyd edib ki, indi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək.
Dövlətimizin başçısının sözlərinə görə, bu təbii gözəlliyi nəzərə alaraq müasir, çox gözəl bir şəhər qurulacaq. Azad edilmiş torpaqlarda birinci “ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq.