BAKI, 20 oktyabr — Sputnik. "Qusar Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri barəsində daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Müəyyən edilib ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Qusar rayon Mərkəzi Xəstəxanası" PHŞ-in direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2 000 manat pul vəsaitinin 1 000 manatını alıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1 000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Qeyd edək ki, bu ilin yanvar ayında Mübariz Zeynalovun barəsində Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.