BAKI, 20 oktyabr — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Azərbaycanda ev işi görən qadınlara müavinət verilməlidir. Qadının evdəki zəhməti kişilər tərəfindən qiymətləndirilməlidir" fikrinin geniş müzakirəyə səbəb olduğunu nəzərə alıb açıqlamasına aydınlıq gətirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, deputat kişiləri narahat olmamağa səsləyib. O, bildirib ki, kişilərin etirazına, narahatçılığa əsas yoxdur, belə bir qanun qəbul olunmayacaqdır!
"Əlbəttə "ev işlərinə görə kişilər qadınlara əmək haqqı verməlidilər"-, deməklə mən yuxarıdakı arqumenti qüvvətləndirmək niyyəti güdürdüm və bu fikri birbaşa qəbul etmək ciddi adamların ağlına da gəlməyəcəkdir. Məqsədim məişətdə qadınlarımızın zəhmətinə qiymət vermək, onların əməyinin nə qədər dəyərli olduğunu cəmiyyətin diqqətinə çatdırmaq idi. Bu qiyməti isə qadına daha çox hörmət bəsləmək, onun qədir- qiymətini bilməkdən ibarət ola bilər!", - deyə Quliyev bildirib.
Deputat qeyd edib ki, çıxışında başqa təkliflər versə də, medianın diqqətindən kənarda qalıb. O, sözügedən təkliflərini belə sıralayıb:
1. Şəhid anası ordeni təsis edilsin.
2. Pandemiyada fədakarlıq göstərən tibb işçilərimizə ( onların çoxu qadınlardır) dövlətin müxtəlif mükafatları verilsin.
3. Televizyalarda uğurlu qadın obrazı seçilərkən şou- biznes nümayəndələri deyil, alim, dövlərçi, sahibkar qadınlarımız, şəhidlərimizin anaları və həyat yoldaşları diqqət mərkəzinə gətirilsin".
M. Quliyev əlavə edib ki, istənilən halda bu məsələlərin gündəmə gətirilməsini və müzakirə edilməsini müsbət hadisə hesab edir. O, bu fonda böyük Hüseyin Cavidin məşhur misralarını da xatırladıb:
Qadın gülsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!
Deputat peyğəmbərdən də misal çəkərək deyib:
"Böyük İslam peyğəmbəri Məhəmməd əleyissalam buyururdu: " Övladlarınız arasında fərq qoymayın, əgər fərq qoyası olsanız, üstünlüyü qızlarınıza verin"! "
Xatırladaq ki, bu gün Yeni Azərbaycan Partiyası mərkəzi aparatında " Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda deputat Musa Quliyevin çıxışı sosial şəbəkələrdə və KİV-də rezonans doğurub.
Deputat həmin konfransdakı çıxışı zamanı deyib:
"Əmək haqqına münasibətdə də kişi əməyinə nisbətən qadın əməyinin diskriminasiya olunduğunu söyləmək olar. Dünyada hər bir dollar kişi əməyinə yetmiş yeddi sent qadın əməyi qiymətləndirilir. Ev işlərinin, ailə təsərrüfatının idarə olunmasının, ailə üzvlərinə qulluq kimi haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür.
Azərbaycanda qadınların orta əmək haqqısı kişi əməyinin yalnız 63,3%-ni təşkil edir. Bu rəqəm elmi-texniki fəaliyyət sahəsində 47,6%, maliyyə və sığorta fəaliyyəti sahəsində 59,2 %, emal sənayesi sahəsində 63,8%, səhiyyə və sosial xidmətlər sahəsində 63,9%, təhsil sahəsində isə 79% təşkil edir.
Qadın sahibkarlığına ölkədə kifayət qədər dəstək verilməsinə baxmayaraq hələdə sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Əgər 836 679 nəfər kişi fərdi sahibkarlıqla məşğul olursa, qadınların sayı 225 858 nəfər təşkil edir".
Milli Məclisin komitə sədri qeyd edib ki, Azərbaycanda ev işi görən qadınlara müavinət verilməlidir.
"Qadının evdəki zəhməti kişilər tərəfindən qiymətləndirilməlidir. Bu təklifi qadının evdə gördüyü işin qiymətləndirilməsi üçün verdim”, - deyə deputat əlavə edib.
Müzakirəyə qoşulan və rəy bildirənlərin mövqeyindən asılı olmayaraq, bu fikrin diqqət çəkməsi deputatı sevindirib.
Həmçinin oxuyun: