BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanla Xorvatiya arasında hazırda qüvvədə olan 25 saziş, protokol var, 7 sənədə isə baxılmaqdadır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla keçirdiyi birgə mətbuat konfransında deyib.
Azərbaycanda 20 xorvat şirkətinin fəaliyyət göstərdiyini deyən C.Bayramov əlavə edib ki, turizm sahəsində görüləcək birgə işlərə COVID-19 pandemiyasında sonrakı dövrdə yeni dinamika verilməsi ilə bağlı müzakirələr aparılıb.
Nazir, həmçinin deyib:
"Məmnunluq hissi ilə onu qeyd etmək istəyərdim ki, artıq Xorvatiya Respublikası ilə mina təmizləmə sahəsində əməli işlər həyata keçirilir. Xorvatiyadan müvafiq avadanlıqlar sifariş edilir və onlar Azərbaycana çatdırılır. Bu sahədə mövcud təcrübələrdən faydalanmaq məsələləri ilə bağlı fikir mübadiləsi həyata keçirdik".