BAKI, 19 oktyabr — Sputnik. Bir neçə gün öncə paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi yük avtomobillərinə nəzarət məsələsini yenidən gündəmə gətirib. Baş verən yol nəqliyyat hadisələri də göstərir ki, yük avtomobillərinin iştirakı ilə törədilən qəzalar daha ağır olur. Bəs görəsən, yük avtomobillərinin qəza törətmə riskini aşağı salmaq üçün hansı tədbirlərin görülməsinə ehtiyac var? Dünyada bu istiqamətdə hansı praktikadan istifadə olunur?
Sürücüləri izləyən cihaz yol qəzalarının qarşısını ala bilər
Nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yük avtomobilləri sürücülərinin iş və istirahət rejiminə əməl olunması çox vacibdir. Onun sözlərinə görə, yük avtomobilləri sürücülərinin iş və istirahət rejimi olmalıdır. Ekspert bildirir ki, dünyada da yük avtomobili sürücülərinin əmək fəaliyyətinə ciddi yanaşılır. Çünki onların yollarda yaradacağı təhlükə daha böyükdür.
"Dünya təcrübəsində yük avtomobillərinin hərəkətinə nəzarət etmək üçün taxoqraf sistemindən istifadə edilir. Bu cihaz qara qutu kimidir. Taxoqraf sistemi vasitəsilə sürücünün neçə saat dayanmadan avtomobili idarə etdiyi, sürət həddini harada aşdığı, harada dayandığını öyrənmək mümkündür. Yol polisi sürücünü saxladıqda xüsusi icazəsi olan qurğu ilə taxoqraf sisteminə qoşulur. Sistem vasitəsilə yük avtomobili sürücüsünün yolda avtomobili necə idarə etdiyi barədə məlumat əldə edilir. Əgər sürücü qanun pozuntusuna yol veribsə, iş və istirahət rejiminə uyğun davranmayıbsa, bu zaman ona cərimə tətbiq edir. Azərbaycanda da artıq əksər xarici özəl şirkətlər yük avtomobillərinə taxoqraf sistemi tətbiq edir".
Qaydalar var, icrası yox
E.Muradlı deyir ki, Azərbaycanda da qanunvericiliklə, beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri taxoqraf sistemi ilə təchiz edilməlidir: "Bu məsələ mövcud qanunvericilikdə var. 2019-cu ildə Nazirlər Kabineti tərəfindən "Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası" təsdiq edilib. Bu qərarın 1.3 bəndində göstərilib ki, Azərbaycanda taxoqraf kartlarına dair milli sistemin fəaliyyətinin təmin olunması Saziş üzrə səlahiyyətli orqan olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir".
Ekspert bildirir ki, bu sistemi tətbiq etməyən şirkətlər taxoqraf cihazının qiymətinin baha olmasını əsas gətirir. E.Muradlının sözlərinə görə, vaxtilə nazirlik də bu sistemin tətbiq ediləcəyini açıqlasa da, üzərindən iki il keçsə də, taxoqraf sistemindən bir xəbər yoxdur.
E.Muradlı deyir ki, yük avtomobillərinin pik saatlarda şəhərə buraxılmasının da qarşısı alınmalıdır. Ekspert deyir ki, səhər saat 07:30-dan axşam saat 20:00-dək yük avtomobillərinin şəhərə girişi qadağan edilsə də, yük avtomobillərinin bəzilərinin günün istənilən saatında şəhərə girişinə icazə verilir.
AYNA taxoqraf probleminə də ayna tutacaq
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrində rəqəmsal taxoqraf sistemi tətbiq olunması ilə bağlı qərar var. Bu smart qurğu sürücülərin iş və istirahət rejiminə əməl olunması, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, yeri, hərəkətin sürəti ilə bağlı məlumatlarını qeydə alaraq GPS vasitəsilə nəzarət məntəqələrinə ötürür. Rəqəmsal taxoqraf kartları sərnişin və yükdaşıma ilə məşğul olan nəqliyyat vasitələrinə qoşulur. Rəqəmsal kartlarda sürücü barədə məlumatlar yer alır. Beynəlxalq yük daşımalarında taxoqraf sistemi tam tətbiq olunur.
N.Allahyarova deyir ki, yeni yaradılan AYNA-nın tərkibində informasiya sistemi yaradılır. Burada taxoqraf kartlarının tətbiqi qaydaları işlənərək hazırlanır. Bu AYNA informasiya sistemi çərçivəsində də reallaşdırılacaq.
Hansı avtomobillərə taxoqraf quraşdırılmalıdır?
Qeyd edək ki, mövcud qaydaya görə, sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olmayan avtobuslar, sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olan avtobuslara taxoqraf quraşdırılmalıdır. Həmçinin yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 3,5 tondan artıq olan, lakin 12 tondan artıq olmayan avtonəqliyyat vasitələri, yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələr də taxoqrafla təhciz olunmalıdır. Daşıma məsafəsi 50 km-dən çox olmayan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinə isə taxoqraf tələb olunmur. Sərnişin və yük avtonəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi daşıyıcıların öz vəsaitləri hesabına həyata keçirilir. Sürücülərin iş və istirahət rejiminə, həmçinin daşıyıcılar tərəfindən bu rejimə riayət olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
Qaydada sürücülərin iş qrafiki də var
Qaydada o da göstərilib ki, beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitələrinin sürücüləri gün ərzində 9 saatdan artıq işləyə bilməzlər. Həftə ərzində bu vaxt iki dəfədən çox və iki ardıcıl gün olmamaqla 10 saatadək uzadıla bilər. Avtonəqliyyat vasitəsinin bir həftə ərzində idarə olunması vaxtı 56 saatdan artıq olmamalıdır. Avtonəqliyyat vasitəsinin ardıcıl gələn 2 həftə ərzində arasıkəsilmədən idarə olunmasının ümumi vaxtının cəmi 90 saatdan artıq olmamalıdır. Avtonəqliyyat vasitəsini 4,5 saat ərzində idarə etdikdən sonra istirahət dövrü başlayıbsa, sürücü minimal olaraq arasıkəsilmədən 45 dəqiqəlik fasilə etməlidir. Həmin 45 dəqiqəlik fasilə avtonəqliyyat vasitəsinin 4,5 saat müddətində idarə olunması vaxtı ərzində bölüşdürülərək, ardıcıl olaraq 15 dəqiqəlik və 30 dəqiqəlik fasilələrlə də əvəz oluna bilər. Fasilə ərzində sürücü hər hansı başqa işlə məşğul olmamalıdır.
Ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin isə iş cədvəlləri ilə müəyyən edilmiş vaxtda əsas iş yerinə gəlmə anı iş vaxtının başlanma anı, avtomobilin duracaq yerinə qaytarılması üçün yekun işlərin görülüb başa çatdırıldığı an isə iş vaxtının bitmə anı hesab olunur. Gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İki istirahət günü olan beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti 8 saatdan, bir istirahət günü olan altıgünlük iş həftəsində isə gündəlik iş vaxtının (növbəsinin) müddəti 7 saatdan çox olmamalıdır. Növbəli iş rejimində iş vaxtı rejimi iş (növbəlilik) cədvəli ilə müəyyən edilir. Bu zaman növbənin müddəti 12 saatdan artıq ola bilməz. Sürücülər növbələr üzrə bərabərlik qaydasında bir-birini əvəzləyirlər. Ardıcıl olaraq iki növbə ərzində işləməyə yol verilmir.
Xaricdə taxoqrafsız avtomobil idarə edənlərə cərimə yazılır
Məlumat üçün bildirək ki, taxoqraf – avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazıdır.
Bizim leksikonumuza nisbətən yeni daxil olan taxoqraf cihazı ilk dəfə 1909-cu ildə Lozan şəhərinin (İsveçrə) taksilərində tətbiq edilib. Məqsəd sürücünün iş vaxtını ölçmək və haqsız rəqabətin qarşısını almaq idi.
O vaxtdan taxoqrafların quruluşu dəyişsə də, təyinat dəyişmir. 1972-ci ildən etibarən Avropada yükgüötürmə qabiliyyəti 3,5 ton və sərnişin sayı 8-dən çox olan bütün NV üçün taxoqraf məcburidir. 2020-ci ildən etibarən GPS əlaqəsi olan xronotaxoqraflar məcburidir. Eyni zamanda yükü 2,5 tondan yuxarı olan bütün avtomobillərə şamil edilir.
Taxoqrafların yol təhlükəsizliyinə töhfəsi böyükdür. Qəzaların baş verməsinin bir səbəbi də yüksək sürət və yorğunluq olduğundan taxoqraf buna nəzarət etmək imkanı verir. Avropa qanunvericiliyinə görə birbaşa gedilən yol maksimum 4 saat 30 dəqiqəni keçməməlidir. Bunun içində 15 və 30 dəqiqəlik iki dəfə istirahət də yer alır. Yeni taxoqraflar informasiyanı 1 il saxladğı üçün sürücünün iş rejiminə dövri nəzarət mümkündür. Ən ciddi tələb sürücünün həftəliik istirahət vaxtını kabinədə deyil, hoteldə və ya evdə keçirməsidir. Belçikada hətta taxoqrafdan istifadə etməməyə görə cərimə də tətbiq edilir. Avtomobili taxoqraf olmadan istifadə 2640 avro məbləğində cəriməyə başa gəlir. Taxoqraf məlumatlarını dövlət qurumuna təqdim etməkdən imtina və ya cihaza müdaxilə - 5280 avrodur. Başqa sürücü kartından istifadə də eyni məbləğdə cəzalandırılır. Gündəlik iş rejiminin pozulması 55 avro, həftəlik iş vaxtının pozulmasına görə isə 110 avroluq cərimə tətbiq edilir. Sürücü həftəlik istirahət vaxtını hotel və ya evdə keçirməsə 1800 avro cərimə ilə cəzalandırılır. Bundan başqa, normadan artıq işə görə cəza 2500 avroyadək arta bilər.