VİDEO

Şəhid olsam, ağlamayın, başınızı uca tutub fəxr edin - kapitan Zülfüqar Qubatov

Şəhid kapitan Zülfüqar Qubatovun anadan olmasının 46-cı ildönümünü məzarı başında qeyd ediblər. Şəhidin yaxınları Sputnik Azərbaycan-a müsahibə veriblər.
Sputnik
Kapitan Zülfüqar Qubatov 1975-ci ildə Ağsu rayonun Dilman kəndində anadan olub. Orta təhsilini Dilman кənd tam orta məкtəbində aldıqdan sonra 1992-1995-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məкtəbində hərbi təhsil alıb. 1995-ci ildən 2008-ci ildək Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, müxtəlif hərbi hissələrdə xidmət edərək ehtiyata buraxlıb. Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinin ilk günlərində, sentyabrın 29-da kapitan Zülfüqar Qubatov silaha sarılaraq cəbhəyə yola düşüb. Oktyabrın 13-də Suqovuşan istiqamətində ağır döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Şəhid Zülfüqar Qubadovun döyüş yoldaşı baş leytenant Rövşən Quliyev müsahibəsində bildirib ki, “Döyüşçü qardaşlarımızı itirmək bizə ağır olsa da, amma onların intiqamını elə döyüş meydanında almışıq. Bir şəhidimizin qanı yerdə qalmadı, Azərbaycan Ordusu düşmənə döyüş meydanında layiqincə cavab verdi. Ali Baş Komandanın verdiyi əmrləri, Azərbaycan əsgəri sevərək icra edirdi. Bunun nəticəsi olaraq 44 günə düşmənin canlı qüvvəsi və texnikası yerlə yeksan edildi. Gənc nəslə onu demək istəyirəm ki, bizim kimi, şəhid qardaşlar kimi, vətəninə, dövlətinə sadiq olsunlar, hər zaman dövlətimizlə birgə olsunlar”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid kapitan Zülfüqar Qubatov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Eyni zamanda Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Zülfüqar Qubatov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.