BAKI, 19 oktyabr — Sputnik. "Bank of America"nın analitiklərinə görə, dizelin qiymətləri bir barel üçün 120 dolları keçə bilər. Qiymətlər bu səviyyəyə çatsa, bu, 2014-cü ildən bəri bir ilk olacaq. Bankın proqnozuna əsasən, dizel yanacağına tələbin sıçrayışı neftin də qiymətlərinin artımına səbəb ola bilər.
Bəs dünyada dizelə tələbat artırsa, bu, Azərbaycanda dizelin qiymətinə təsir edə bilərmi? Ölkəmizdə dizel yanacağına tələbat yerli istehsal hesabına ödənilirmi?
"İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda bu sahədə vəziyyət qismən fərqlidir:
"Ölkədə dizelin qiyməti ilin əvvəli 30 faizdən çox bahalaşıb. Yəni bu artım dünya bazarlarında baş verən proseslərə uyğun olmayaraq aparılmış prosesdir. Həmin sahədəki müəssisələrin fəaliyyətindən büdcəyə yaranan yük, dövlət büdcəsi üçün əlavə maliyyə mənbəyinin formalaşdırılması hədəfi, subsidiya ayrılmasının dayandırılması kimi məsələlər ölkədə qərarların qəbul edilməsinə təsir edən əsas faktorlardır. Yəni proses, əksər hallarda dünya bazarlarında baş verənlərlə uzlaşmır".
Ekspertin sözlərinə görə, adətən dünya bazarlarında enerji resurslarının qiyməti azalanda karbohidrogen istehsal edən ölkələr, o cümlədən Azərbaycanda əks qərarlar qəbul edilir. Çünki bu ölkələrdə qiymət azalmasından fiskal təzyiq yaranır və bunlar əks qərarlar qəbul edirlər.
"İlin əvvəlindən etibarən dövlətin təbii inhisarçı olduğu sahələrdə təklif edilən xidmətlərin, malların qiymətləri davamlı artır. Növbəti dövrlərdə yenidən yanacağın qiymətinə, o cümlədən dizelin qiymətinə baxılması ehtimalı indiki şərtlər daxilində 50 faizdir. Amma bu, böyük ehtimal birbaşa olaraq dünya bazarlarında dizelin qiymətinin dəyişməsindən qaynaqlanmayacaq", - deyə o qeyd edib.
İqtisadçı bildirib ki, neftin qiymətinin optimal səviyyəsi təxminən 70-75 dollar ətrafındadır: "Bundan yuxarı qiymətlər qalxanda qısa müddətli dövrdə Azərbaycan daha çox gəlir əldə edə bilir. Amma uzunmüddətli dövrdə enerji resurslarının bahalaşması bütün mal və xidmətlərin maya dəyərində və sonradan istehsal və istehlak qiymətlərində öz əksini tapır. Azərbaycan əksər istiqamətlərdə əsasən idxalçı ölkədir və dolayısı ilə prosesin sonunda orta və uzunmüddətli dövrdə inflyasiyanı kəskin şəkildə idxal etməyə başlayır.
Qiymətlərin qalxmasından müəyyən mənada hansısa formada fiskal aspektdən üstünlük əldə edilirsə, itirən tərəf daha çoxdur. Büdcədən hər kəs yararlanmır, amma idxal olunan məhsulları hər kəs istehlak edir. Ona görə də ən yaxşı inkişaf ssenarisi qiymətlərin optimal səviyyədə qalmasıdır".
Regionun yeganə neft emalı müəssisəsi Azərbaycandadır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanda dizel yanacağı ölkə daxilində istehsal olunur:
"Regionumuzun yeganə neft emalı müəssisəsi SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu istehsal etdiyi dizel ilə həm ölkənin tələbatını tam təmin edir, həm də məhsulun artıq qalan bir hissəsini ixrac edir. Dünya bazarlarında dizelin qiymətinin yüksəlməsi, prinsipcə, ixrac gəlirlərimizə təsir göstərə bilər. Ölkə daxilində dizelin satış tarifi isə dövlət tərəfindən təyin olunur".
Qeyd edək ki, bu ilin yanvarında Tarif (qiymət) Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik (əvvəl 60 qəpik idi) müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Dizel yanacağının istehsalı 12,5 faiz artıb
Yanvar-avqust aylarında Azərbaycanda 1 milyon 679,8 min ton dizel yanacağı istehsal olunub. Bu dövrdə dizel yanacağının istehsalı 12,5 faiz artıb. 8 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 881,7 milyon manat olmaqla ötən ilin eyni ayları ilə müqayisədə 8,7 faiz artıb.