BAKI, 19 oktyabr — Sputnik. Ötən gün bəzi kütləvi informasiya vasitələrində İran-Rusiya birgə Ticari Palatasının direktorlar şurasının üzvü Seyid Cəlalifərin verdiyi açıqlamaya istinadən Astara gömrük-sərhəd keçid məntəqəsinin İran tərəfində böyük sıxlığın yarandığı barədə məlumatlar yayılıb və bunu guya Azərbaycan tərəfinin İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda qəsdən etdiyi vurğulanıb.
Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Gömrük Komitəsi buna müvafiq olaraq bildirir ki, belə məlumatlar əsassızdır və həqiqətə uyğun deyil.
Astara gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və İrandan Azərbaycana son on gündə əvvəlki günlərlə müqayisədə daha çox yük nəqliyyat vasitəsinin keçidi təmin olunub ki, İran rəsmisi bu statistikanı da öz ölkəsinin müvafiq qurumlarından rahatlıqla əldə edə bilər:
"İran tərəfində yaranan sıxlığa gəlincə isə qeyd edək ki, bu sırf İran tərəfində yaranan problemlərdən qaynaqlanır. Belə ki, oktyabrın 15-dən 16-na qədər 10 saat ərzində İran tərəfində kompüter sistemində yaranan nasazlıq və bu müddət ərzində yük avtomobillərinin keçidinin təmin edilməməsi, eləcə də İranın Astara şəhərində meyvə-tərəvəz anbarlarında yükləmə-boşaltma əməliyyatlarında mövcud olan uzun növbələr sıxlığın yaranmasına səbəb olub".
Komitənin məlumatında qeyd olunub ki, İran tərəfində olan problemlərdən qaynaqlanan sıxlıqda Azərbaycanı günahlandırmaq və buna siyasi don geyindirmək yolverilməzdir və təəssüf doğurur.