CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekologiya Nazirliyi: Balıq ovunda sintetik torlardan istifadəyə son qoyulmalıdır!

Xidmət rəisi balıq ovu ilə məşğul olan bütün subyektlərin, həmçinin sintetik torları qanunsuz yolla əldə edən və satışı ilə məşğul olan ticarət obyektlərinə qarşı cəza tətbiq olunacağını deyib.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. "Bütün su hövzələrində balıqların qadağan olunmuş sintetik torlarla ovlanması cinayətdir. Qanunvericiliyə əsasən sənaye balıq ovu ilə məşğul olan subyektlərin kapron və kətan liflərdən hazırlanmış torlar istisna olmaqla, digər sintetik saplı və tək saplı torlarla balıq ovu ilə məşğul olması qadağan edilib".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O qeyd edib ki, aparılan maarifləndirmə və müvafiq cəza tədbirlərinə baxmayaraq ölkə ərazisində keçirilən reydlər və nəzarət tədbirləri zamanı balıqçılıq subyektləri, həmçinin brakonyerlər tərəfindən qadağan olunan sintetik torlardan istifadə edilməsi halları aşkar olunur.
Xidmət rəisi vurğulayıb ki, bu torların flora və faunaya, ətraf mühitə mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür, balıqların kütləvi məhvinə səbəb olmaqla yanaşı, təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır, uzun müddət tullantı kimi qalaraq sututarları və ətraf mühiti çirkləndirir:

"Qəti şəkildə bildiririk ki, onların istifadəsinə son qoyulmalıdır. Çox təəssüf ki, bu torlardan istifadə edənlərin bəziləri hətta kvota ilə balıq ovlayan hüquqi şəxslərdir. Ölkənin su hövzələrində 2020-ci il ərzində keçirilən reydlər zamanı 65 min metr, bu ilin 9 ayı ərzində isə 50 min metrə qədər sintetik tor götürülüb və zərərsizləşdirilib".

H.Əlizadə həmçinin balıq ovu ilə məşğul olan bütün subyektlərin, həmçinin sintetik torları qanunsuz yolla əldə edən və satışı ilə məşğul olan ticarət obyektlərinə qarşı cəza və sanksiyalar tətbiq olunacağını da dilə gətirib.

"Bu hallar qanuni kvota almış balıqçılıq subyektlərində, hüquqi şəxslərdə aşkarlanarsa, onların kvotası ləğv olunacaq və su hövzələrinə girişi qadağan ediləcək", - deyə H.Əlizadə əlavə edib.