CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəristiliktəchizat" heç nə demir, digər qurumlar isə qışa hazır olduqlarını söyləyir

Ötən aydan etibarən havalar soyumağa başlayıb. Eyni anda həm "Azəriqaz" İB, həm "Azərişıq" ASC, həm də "Azəristiliktəchizat" ASC-yə sorğu yollasaq da, sonuncu qurumun mətbuat xidmətindən 1 aydan da artıqdır ki, mövzu ilə əlaqədar heç bir cavab ala bilməmişik.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Ötən illə müqayisədə bu il payız mövsümü daha sərt keçdiyindən qışın da sərt keçəcəyi gözlənilir. Maraqlıdır, belə olan halda qurumlar qışa hazırdırlarmı?
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurum tərəfindən qışa hazırlıq yüksək səviyyədə aparılır:

"Əməkdaşlarımız üzərlərinə düşən işləri yüksək səviyyədə həyata keçirirlər. Heç bir problem yoxdur. Adətən noyabrın 15-dən qış rejiminə keçirilir. Lakin havalar sərt keçərsə, sərəncama əsasən, qış rejiminə daha tez keçirilərsə, "Azəriqaz" İB üçün bu rejimə keçməkdə bir problem yoxdur. Yəni, qış rejiminə keçərsək qazın verilişində heç bir problemimiz yoxdur".

Ümumrespublika üzrə qazlaşmanın faiz dərəcəsinə gəldikdə isə o qeyd edib ki, artıq bu göstərici 96 faizdən də yüksəkdir:

"Təbii ki, qazlaşmayan ərazilər, kəndlər də var. Bunların da əsas hissəsini yeni yaşayış massivləri təşkil edir. Bu yaşayış massivlərinin də qazlaşdırılması xeyli vaxtdır ki, həyata keçirilir. Bundan başqa, qeyd edim ki, "Azəriqaz" İB-nin "Açıq mikrafon" aksiyası çərçivəsində rayonlara, bölgələrə gedib vətəndaşların problemlərini və təkliflərini dinləyərək bu məlumatları qurumun rəhbərliyinə təqdim edirik. Dərhal problemlərin həlli ilə bağlı göstərişlər verilir".

“Azərişıq” ASC respublika ərazisində qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün genişmiqyaslı  tədbirlər həyat keçirib. Qurumdan bildirilib ki, artıq "Azərişıq" ASC-də mövsümi xarakterli işlərin görülməsi tədricən tarixin arxivinə qovuşur:

"Belə ki, həyata keçirilən yenidənqurma və bərpa işləri müasir metodlarla aparıldığından, görülən tədbirlər bütün fəsillər üçün keçərlidir. Qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilib. Təbiət hadisələri, kənar müdaxilə faktorlarının istehlakçıların fasiləsiz enerji təminatına təsirini minimuma endirmək üçün "Azərişıq” ASC müasir elektrik enerjisi təchizatı sistemlərini xüsusi ilə formalaşdırır".

"Azərişıq" ASC-dən bildirilir ki, paylayıcı şəbəkələrin yenilənməsi, gücləndirilməsi və müasirləşdirilməsi prioritet hədəflər olmaqla yanaşı, elektrik enerjisi itkilərinin azaldıması da xüsusi diqqətdə saxlanılır.
Abonentlərin hər hansı bir sualı yaranarsa, dərhal "199" Çağrı Mərkəzi ilə əlaqə saxlamaqları tövsiyə olunur:

"24 saat fasiləsiz xidmət göstərən “Qəza Xidməti”nin operativ müdaxiləsi nəticəsində baş verən nasazlıq xarakterinə görə uyğun qısa vaxt ərzində aradan qaldırılacaq".

Ötən aydan etibarən havalar soyumağa başlayıb. Eyni anda həm "Azəriqaz" İB, həm "Azərişıq" ASC, həm də "Azəristiliktəchizat" ASC-yə sorğu yollasaq da, sonuncu adını qeyd etdiyimiz qurumun mətbuat xidmətindən 1 aydan da artıqdır ki, mövzu ilə əlaqədar sorğumuza heç bir cavab ala bilməmişik.
"Azəristiliktəchizat" ASC qışa hazır deyilmi?
Bu sual hamı kimi bizə də maraqlı olsa da, ünvanladığımız suallar təəssüf ki, cavablandırılmır. Belə olan halda nə dərəcədə qışa hazırıq, bunu demək belə, çətindir.