İQTİSADİYYAT

Azərbaycandan üç ölkəyə ixracla bağlı yaranan çətinlik aradan qaldırılıb

Sertifikatlar Azərbaycanda istehsal olunan 25 növdə meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün nəzərdə tutulub.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Azərbaycandan İndoneziya, İordaniya və İraqa meyvə şirəsi və spirtsiz içkilər ixracında yaranan çətinlik aradan qaldırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən APA-ya verilən məlumata görə, Azexport.az portalı vasitəsilə "Made in Azerbaijan" adı altında ixrac ediləcək məhsullara sərbəst satış sertifikatları təqdim olunub. Sertifikatlar Azərbaycanda istehsal olunan 25 növdə meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün nəzərdə tutulub. Təqdim olunan sertifikatlar sayəsində qeyd olunan üç ölkəyə bu kateqoriyadan olan məhsulların ixracını asanlaşdırıb.
Sərbəst satış sertifikatı ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Qeyd edək ki, Azərbaycan, MDB məkanında sərbəst satış sertifikatı təqdim edən 3-cü ölkədir. Sertifikatın verilməsi "Made in Azerbaijan" məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika Qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinin bazarlarını açıq edib.