CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik kimlərin maaş, pensiya, müavinətlərində artım olacağını açıqladı

Pensiya və sosial müavinət artımı tədbiri isə 450 min şəxsə müvafiq sosial ödənişin artırılmasına imkan verəcək.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncama əsasən kimlərin pensiya, və sosial müavinətlərinin artırılacağı açıqlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Prezident İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımın atılmasına imkan verir.
Sərəncamın icrası ilə əlaqədar olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Həmçinin minimum əməkhaqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək.
Bildirilib ki, pensiya və sosial müavinət artımı tədbiri isə 450 min şəxsə müvafiq sosial ödənişin artırılmasına imkan verəcək.
Təqaüd artımı istiqaməti isə tələbələrin rifahına dəstək məqsədi daşıyır. Təqribən, 130 minədək tələbənin təqaüdündə artım olacaq.
Sərəncamın icrası ilə sosial ödəniş artımı həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək.
Ümumilikdə 1 milyon 800 min vətəndaşı əhatə edəcək. Sərəncam onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Xatırladaq ki, Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb və qısa müddət ərzində bu təkliflər yekunlaşdırılaraq təqdim ediləcək.
Qeyd edək ki, oktyabrın 16-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Sputnik Azərbaycan Tarif Şurasına istinadən xəbər verir ki, İclasda təbii qazın və elektrik enerjisi tariflərinə baxılmış, müvafiq qərarlar qəbul edilib.
Qazla bağlı əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər iki qəpik yüksəlib. Noyabrın 1-dən 1200 m3-dək qaz işlətməyə görə ödənişi 10 yox, 12 qəpikdən etməli olacağıq.
Elektrik enerjisinin qiymətləri də artıb. İlk olaraq aşağı limit artıq 300 yox, 200 kVts olacaq. 200 kVts-dək elektrik enerjsindən istifadəyə görə əhali 8 qəpikdən ödəniş edəcək. Qeyd edək ki, indiyədək 300 kVts-dək elektrik enerjisindən istifadəyə görə ödəniş 7 qəpikdən idi.
200 kVts-dən 300 kVts-dək elektrik enerjisi işlədənlər 9 qəpikdən ödəniş etməli olacaqlar.
300 kVts-dən çox elektrik enerjisi işlədən sakinlər isə 13 qəpikdən ödəyəcəklər. İndiyədək bu qiymət 11 qəpik idi.