BAKI, 18 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 3,248 mlrd. ABŞ dollar təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü illə müqayisədə 0,3% çoxdur.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,938 mlrd. dollar, idxal isə 1,310 mlrd. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 8,1% azalıb, idxal isə 15,9% artıb. Nəticədə, 2021-ci ilin yanvar-sentyabr aylarında 628,564 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 35,7% azdır.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu illə müqayisədə 7,7% azdır.
Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.