DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-ın sabiq müdafiə naziri koronavirusdan vəfat edib

İnternetdə indiyədək "Kolin Pauellin kolbası" memi dolaşır.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. ABŞ-ın sabiq müdafiə naziri Kolin Pauell vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı sabiq nazir koronavirusa yoluxduqdan sonra həyatını itirib.
Məlumatda bildirilir ki, ABŞ-ın sabiq dövlət katibi və ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin keçmiş sədri, general Kolin Pauell COVID-19-dan yaranmış ağırlaşma nəticəsində bu gün səhər vəfat edib.

Kolbalı diplomat

Kolin Pauell 1937-ci il aprelin 5-də Nyu-Yorkda, Yamaykadan olan immiqrant ailəsində doğulub.
Hərbi karyerasına ABŞ ərazisindəki nəhəng hərbi bazaların birində - Fort-Benninqdə başlayıb, sonra isə Nyu-Yorkun Siti-kollecində geologiya üzrə bakalavr dərəcəsi alıb. Vyetnamda və Cənub-Şərqi Asiyada qulluq edib.
Corc Vaşinqton Universitetinin diplomunu alıb və Pentaqonda işləməyə başlayıb.
O, 1989-cu ildə Panamaya müdaxilə, 1991-ci ildə "Səhrada fırtına" əməliyyatı keçirilərkən Qərargah Rəislərinin Birləşmiş Komitəsinə başçılıq edib.
Pauell 2001-2005-ci illərdə ABŞ-ın 43-cü Prezidenti oğul Corc Buşun Administrasiyasında dövlət katibi vəzifəsini tutub.

Maşınlarla əlləşmək insanları idarə etməkdən daha asandır, uğur qazanmaq üçün məntiqli hərəkət etmək kifayətdir. İnsanlarla belə alınmır. Xoşbəxtlikdən, maşınların temperamenti, emosiya və xasiyyətləri yoxdur.

Kolin Pauell
Kolin Pauell 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsinin əsas iştirakçılarından olub. Həmin vaxt, fevralın 5-də BMT TŞ-nin iclasında Pauell İraq lideri Səddam Hüseynin bioloji silah hazırlamaq üçün texnologiyaya malik olduğu barədə məlumat aldığını demişdi.
Bunu sübut etmək üçün Pauell içində ağ toz olan kolbanı göstərərək, onun içində İraq zavodlarında istehsal edilmiş kütləvi qırğın silahı nümunəsinin olduğunu söyləmişdi.
Sonra məlum oldu ki, Pauellə dezinformasiyanı MKİ verib: yəni kolbanın içindəki adi təbaşir tozu idi. Ancaq buna rəğmən İraqı bombaladılar, Səddam Hüseyni asdılar, milyonadək iraqlını qətl etdilər.
2004-cü ildə Pauell Dövlət Departamenti rəhbərliyindən istefa verdi. Sonra etiraf edirdi ki, MKİ-nin ona ötürdüyü məlumat "səhih, dəqiq deyildi, bəzən isə adamı yanıldırdı": İraqda kütləvi qırğın silahını tapmadılar. ABŞ-ın Yaxın Şərqlə münasibətləri isə bu illər ərzində xeyli pisləşdi.