MƏDƏNİYYƏT

Modelyer: Aygün Kazımova mənim tikdiyim geyimi başqasının adına çıxıb

Maqsudova həm tarixi şəxslərin, həm də dünyaca məşhur ulduzların – Maykl Ceksonun, Merilin Monronun, Çarli Çaplinin, Kleopatranın da obrazlarını yaradıb.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. "Gözəllik ondur, doqquzu dondur" deyib atalarımız. Atalar sözünə çevrilib əsrlərdir ki, yol gələn bu xalq deyimi özündə təkcə məcazi məna daşımır, həm də geyimə verilən böyük dəyərdir. Dəb sahəsində həmişə yenilklərə imza atan tanınmış modelyer Şəlalə Maqsudova bu dəfə tarixi şəxsiyyətlərin obrazlarını yaradıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən modelyer bildirir ki, 5 aydır üzərində işlədiyi tarixi geyimləri əks etdirən layihədə məşhur simalar yer alıb: "Tarixi silkələyib keçmişin şahanə geyimlərini sevdiyim insanlara geyindirdim. Hər geyimin üzərində ən xırda detallarınadək böyük zövq və həvəslə işlədim. İstədim hər kəs türk mədəniyyətinin, türk libaslarının, tarixi geyimlərin gözəlliyinin bir daha şahidi olsun. Eyni zamanda sevilən məşhurlarımızı fərqli obrazlarda görsünlər".
Layihədə müğənnilər, televiziya aparıcıları və aktrisalar yer alıb. Layihə haqqında danışan modelyer bildirir ki, kolleksiyada miniatür qadın papaqları, türk geyim mədəniyyətinin nümunəsi olan, əsasən sultan və xaqan xanımlarının geyindiyi libaslar, incə zövqlə işlənən kəmərlər, bəzəklər, eləcə də cəngavər, zirehli qadın geyimləri müasir dizaynda təqdim edilib: "Mən tanınmış simaları fərqli-fərqli obrazlara salıram. Hər gün efirdə gördükləri insanların üzərində elə obraz yaradıram ki, tamaşaçılar onun kim olduğunu anlamırlar. Bir neçə adama oxşadırlar. Sözsüz ki, hər adamın üzərində obraz yaratmaq mümkün deyil. Onun mimikaları uyğun gəlməlidir. Təbii ki, burada artistizm də əhəmiyyətlidir. Parçaları elə seçməli idim ki, qədimi olsun. Yəni bilinməsin ki, yenidir. Çox istəyirəm ki, kişi obrazları da olsun. Çünki tarixi yazanlar təkcə qadınlar deyil".
Əvvəlki layihələrindən söhbət açan həmsöhbətimiz bildirir ki, imzasını atdığı əl işləri böyük sensasiyaya səbəb olur. "Danışan kağızlar" adlı layihə üzərində modelyer iki həftəyə yaxın işləyib. Bundan başqa, dəb mütəxəssisinin elə geyimləri olub ki, onları uzun müddət saxlamaq mümkün olmayıb: "Elə geyimlər var ki, o davamlı deyil. Məsələn yarpaqdan hazırladığım geyimlərin ömrü çox az olur. Çalışıram onu hazırlayan kimi çəkim. Yarpaqları Nəbatət bağından gedib yığırdım. İmkan vermirdim ki, o yarpaqlar zədələnsin. Onu dərma məhululuna salırdım. Buna baxmayaraq həmin geyimi uzun müddət saxlamaq mümkün olmur".
Bu sənət dünyanın ən gəlirli sahələrindəndəndir. Amma qəhrəmanımız deyir ona bu yolda heç kəs maddi yardım etmir: "Mən kimlərdənsə sifariş alıram, sifarişdən qazandığım pulla bu layihələrimi həyata keçirirəm".
"Gördüyüm heç bir iş toz basıb qalmır" deyən modelyer bildirir ki, bəzən izləyiciləri ona lazım olan rekvizitlərin tapılmasında yardım edirlər: "Videokasetlərdən geyim toxumuşdum. 1 kaset də 2 manat idi. Mənə də xeyli kaset lazım idi. "Facebook" səhifəmdə elan verdim ki, mənə köhnə videokaset lazımdır. 2 günün içində mənə 250-dən çox kaset göndərdilər. Kimin evində kaset var idisə göndərdilər mənə. 3 dənə geyim toxudum onlardan. Onların hamısı moda evimdə saxlayıram".
Maqsudova təkcə tarixi deyil, o həm də dünyaca məşhur ulduzların – Maykl Ceksonun, Merilin Monronun, Çarli Çaplinin, Kleopatranın da obrazlarını yaradıb: "Naina İbrahimova ilə birlikdə 10 il əvəl bir kitab dərc etdik. Eyni zamanda sərgi də keçirmişdik. Həmin işimiz uzun illər danışıldı. Bir neçə il bundan qabaq "Vampirlər" layihəsi hazırladım. Ondan sonra həmişə Halloween bayramlarında həmişə mənə müraciət etdilər".
Tanınmış modelyer sənət aləmindəki haqsızlıqlardan söz açərkən bildirdi ki, onun əməyi nəticəsində ərsəyə gələn işini başqa bir modelyerin adına çıxmaq istəyənlər də olub: "Bir neçə il əvvəl mən Ayğün Kazımovanın qızı İlqarə üçün bir geyim tikdim. Öz moda evimdə fotosunu çəkib sosial mediada paylaşdım. 6 ay sonra Kazımova mənə "nota göndərdi" ki, həmin şəkli silim. Mən də səbəbini bilmirdim. Bir müddət sonra dostlarım mənə dedilər ki, Aygün Kazımova sənin tikdiyin paltarın şəklini paylaşıb, Rüfət İsmayıla təşəkkür edib. Həmin fotoları bütün KİV-ə payladım. KİV Aygün xanımdan açıqlama almaq istəsə də, heç kəsə açıqlama vermədi"
Modelyer ilk qazancını məktəb illərində - 4-cü sinifə oxuyanda qazanıb: "Mən ilk dəfə bir qıza məktəbli önlüyü tikdim. Anamın paltartikən maşını var idi. Anam mənə icazə vermədi ki, əlimi yaralayaram. Onu iynə ilə o qədər səliqəli tikdim ki, sanki maşında tikilib. Mən uşaq bağçasına gedəndən tikirdim. O zamanlar gəlinciyim üçün geyimlər tikirdim. Atam deyirdim ki, "tərbiyəçiyə de məni yatırmasın, mən küncdə oturub geyimlər tikim". Məktəb mövsümü başlayanda kəndimizin uşaqlarının əksəriyyətinin geyimini mən tikirdim. Mən təkcə tikmirdim, həm də rəsmlər çəkirdim. Xeyli rəsm rəsgilərim olub. Sonradan ali təhsil aldım, amma ali təhsil elə bir əhəmiyyəti yoxdur. Əsas vacib olan istedaddır. Heç kəsdən heç nə öyrənməmişəm. Amma indi tələbələrim var, onlara öyrədirəm. Onlar mənim kimi əziyyət çəkmirlər".
Həmçinin oxuyun:
Modelyer: Tezliklə milli papaqlar, çuxalar, köynəklər müasir formatda təqdim olunacaq
Səhnəmizin ən zövqlü və zövqsüzləri: Modelyer şou-biznes əhlini ağ yudu, qara sərdi