BAKI, 17 oktyabr - Sputnik. “Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar”.
Bu fikirləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Ötən bir il ərzində görülən genişmiqyaslı bərpa və quruculuq işləri barədə danışan dövlətimizin başçısı deyib: “Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq”.
"Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir" - İlham Əliyev bildiirb.
Dövlətimizin başçısı deyib: “Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir”.
"Füzulidən Şuşaya elektrik xətləri çəkildi. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli bu gün qoyuldu" - prezident qeyd edib.
Həmçinin oxuyun:
İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür