RUSİYA

Yekaterinburqda spirt qəbul etmiş 16 nəfər dünyasını dəyişib

Ölən şəxslərin hamısı bazarların birində pərakəndə süzülərək satılan spirti içiblər.
Sputnik
BAKI, 16 oktyabr - Sputnik. Son həftə ərzində Rusiyanın Yekaterinburq şəhərində metil spirti qəbul etdikdən sonra 15 nəfərdən çox insan ölüb. Bu barədə İnterfax agentliyi "Yedinaya Rossiya"ını regional əlaqələndiricisi Dmitri Çukreyevə istinadən xəbər yayıb.

"Hazırda, ilkin məlumatlara görə, Yekaterinburqda 16 ölüm hadisəsi qeydə alınıb. Onların hamısı Çkalovski mikrorayonunun sakinləridir. Onlar metil spirti içdikdən sonra ölüblər", - deyə əlaqələndirici bildirib.

Onun sözlərinə görə, ölən şəxslərin hamısı bazarların birində pərakəndə süzülərək satılan spirti içiblər.

"Polis əməkdaşları bütün zəruri hərəkətləri yerinə yetiriblər, orada spirt satılan iki obyekt müəyyən olunub, satan şəxslər saxlanılıb. Fakt üzrə cinayət işi qaldırılıb", - deyə Çukreyev bildirib.

Rəsmi dövlət orqanları məsələni hələ ki, şərh etməyiblər.