QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Suqovuşan azad edildi, heç su görməyən otuz min hektar ərazi suvarıldı

Diplomatik korpusun nümayəndələri Tərtərin Suqovuşan qəsəbəsində olublar.
Sputnik
BAKI, 16 oktyabr — Sputnik. Oktyabrın 16-da diplomatik korpusun nümayəndələri Tərtərin Suqovuşan qəsəbəsində "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyaları ilə tanış olublar.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, qonaqlara stansiyalarda görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, "Suqovuşan-1" Kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kilovat saat elektrik enerjisi istehsal olunacaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin oktyabrın 3-də işğaldan azad etdiyi Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik Stansiyalarının ümumi gücü 7,8 meqavatdır. Erməni qəsbkarları döyüşlər zamanı 4,8 meqavat gücündə "Suqovuşan-1" və 3 meqavat gücündə "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Həmçinin döyüşlər zamanı bu elektrik stansiyalarına ciddi ziyan dəyib və nəticədə onlar tamamilə yararsız vəziyyətə düşüb.
Həmçinin diqqətə çatdırılıb ki, hər iki stansiya əsaslı şəkildə yenidən qurulub, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənib. "Suqovuşan-2" stansiyasında ildə 8,7 milyon kilovat saat elektrik enerjisinin istehsal olunması nəzərdə tutulub.
Qeyd edək ki, "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayır. Həmçinin burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətləri vasitəsilə digər istiqamətlərə də ötürülür.
Bununla yanaşı, iştirakçılar Suqovuşan su anbarı ilə də tanış olublar. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmədov diplomatlara su anbarı barədə məlumat verib. Bildirilib ki, bu ərazilər azad olunduqdan sonra heç suvarılmayan və ya az suvarılan 30 min hektara yaxın ərazi suvarma suyu ilə təmin olunub.