BAKI, 16 oktyabr — Sputnik. Bu, Azərbaycandakı diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə sayca yeddinci səfəridir. Bu ərazilər Azərbaycan üçün böyük strateji əhəmiyyət daşıyır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
Prezidentin köməkçisi bildirib ki, bu cür səfərlərin məqsədi həm ermənilərin törətdiyi genişmiqyaslı dağıntıları göstərmək, həm də xarici diplomatları işğaldan azad olunan ərazilərdə sürətlə aparılan yenidənqurma işləri ilə tanış etməkdir.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan bu işləri təkbaşına, sürətlə və hərtərəfli şəkildə həyata keçirir.
İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan vətəndaşlarına məxsus əmlakın dağıdıldığını vurğulayan Prezident köməkçisi qeyd edib: "Əsas məqsədimiz bu ərazilərdə həyatın bərpa olunması və vətəndaşların öz evlərinə geri qayıtmasıdır".