BAKI, 16 oktyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Sputnik Azərbaycan xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Bəkirov Mübariz Tahir oğluna məxsus "Rəhim" çörək sexində keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib.
Belə ki, müəssisədə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, işçi masaların gigiyenik səthlə təmin olunmadığı, döşəmənin asan təmizlənən dezinfeksiyaedici məhlullara davamlı materialla üzlənmədiyi, istifadə olunan avadanlıqların, rəflərin təmizliyinə nəzarətin zəif olduğu və çirk qatı ilə örtüldüyü aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.