İQTİSADİYYAT

Bahalaşan neftimiz və Tarif Şurasının qiymət artımı barədə qərarı - Həftəlik icmal

Yeni nazirliyin, Biznesin İnkişafı Fondunun yaradılması, ən çox bahalaşan ərzaq məhsulları, Azərbaycan neftinin qiymətinin bu ilin rekordunu yeniləməsi, bahalaşan qaz və elektrik enerjisi barədə Sputnik Azərbaycan-ın materialında
Sputnik
BAKI, 16 oktyabr — Sputnik. Yola saldığımız həftədə Azərbaycanda baş verən mühüm iqtisadi hadisələrin icmalını oxucuların diqqətinə çatdırırıq. Bu həftə dövlət başçısının imzaladığı bir sıra fərmanlar mühüm əhəmiyyət daşıyır. Həmin sənədlərə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Azərbaycan Biznesinin İnkişafı Fondu" yaradılıb.
Yeni nazirlik yaradılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsinin, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinin və sağlam rəqabət mühitinin formalaşdırılmasının, beləliklə də qeyd olunan sahələrdə keyfiyyətin artırılmasının, innovativliyin, investisiya cəlbediciliyinin və istehlakçıların maraqlarının qorunmasının təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb: İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi informasiya kommunikasiya texnologiyaları və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini (o cümlədən nəzarət və tənzimləməni) təmin edən, yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirən, fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onlara maliyyə dəstəyi verən və innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.
Biznesin İnkişafı Fondu yaradılıb
Azərbaycan Prezidenti İlham Əliyev "Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu" publik hüquqi şəxsin və "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb.
Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.
Müəyyən edilib ki, Fond iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən publik hüquqi şəxsdir. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 9 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının 5 üzvünü nazirlik, 4 üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər: Mərkəzi Bank, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Turizm Agentliyi.
Deputat Vüqar Bayramov bildirib ki, Azərbaycanda Biznesin İnkişafı Fondunun yaradılması biznesin dəstəklənməsi baxımından irəliyə atılan daha bir addım hesab olunur. Bu, ölkədə həyata keçirilən iqtisadi siyasətin və xüsusən də sahibkarların daha yaxından dəstəklənməsi baxımından vacib idi. Fondun fəaliyyətinin sahibkarlığın maliyyələşməsinə xüsusi təkan verəcəyi gözlənilir.
Deputat deyib: "Apardığımız təhlillər və eləcə də rəsmi statistika göstərir ki, hazırda sahibkarlar və xüsusilə də regionda fəaliyyət göstərən iş adamları üçün kredit əldə etmək çətinliklərdən biridir. Belə ki, Mərkəzi Bankın məlumatına görə, bankların kredit portfeli 15 milyard 206 milyon manatdır. Bu kreditlərin 11 milyard 890 milyon manatı yalnız Bakı şəhərində təklif olunub. Bu, o deməkdir ki, bankların təqdim etdiyi hər 100 manat kreditin 78 manatı Bakı şəhərinin, qalan 22 manatı isə digər qalan bütün ərazilərimizin payına düşüb. Abşeron iqtisadi rayonunun sakinləri isə 574 milyon manat kredit əldə edə biliblər. Abşeronun kredit portfelindəki payını nəzərə aldıqda regionların kreditləşmədə payı daha da aşağı olur. Bu baxımdan, güzəşt mexanizminin təkmilləşdirilməsi daxil olmaqla, maliyyələşmədə yeni alətlərin tətbiqi vacibdir".
O diqqətə çatdırıb ki, Fondun Müşahidə Şurasının tərkibinin 5 dövlət qurumunun nümayəndələri ilə formalaşdığını nəzərə alsaq, sahibkarların kreditlərə və xüsusilə güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi üçün yeni addımların atılması imkanları genişdir.
Azərbaycanda Yerüstü Nəqliyyat Agentliyi - AYNA yaradılıb
Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılıb.
Həmçinin avtomobil nəqliyyatı sahəsində sərnişin və yük daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və innovativ həllərin tətbiqinin genişləndirilməsinə xidmət edən, eləcə də avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən "AYNA" informasiya sistemi yaradılıb.
Müəyyən edilib ki, Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir.
Dövlət Dəniz və Liman Agentliyi yaradılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. Fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Dəniz və Liman Agentliyi" publik hüquqi şəxs yaradılıb.
"Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi" təsdiq edilib.
Müəyyən edilib ki, Dövlət Dəniz və Liman Agentliyi Azərbaycan ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlər görən, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edən və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərən publik hüquqi şəxsdir.
Azərbaycan gələn il Avropa və Türkiyəyə qaz ixracını artıracaq
Energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan 2022-ci ildə Avropa və Türkiyəyə qaz ixracını 16 milyard kubmetrə qədər artırmağı planlaşdırır.
Nazir bildirib ki, 16 milyard kubmetrlik qazın 6 milyard kubmetri Avropaya, 10 milyard kubmetri isə Türkiyəyə ixrac ediləcək. Həmçinin Azərbaycan 2023-cü ildən Türkiyəyə 3,5 milyard kubmetr həcmində əlavə qaz tədarükü barədə də razılığa gəlib.
Azərbaycan neftinin qiyməti bu ilin rekordunu yeniləyib
Azərbaycan neftinin qiyməti bahalaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,11 dollar artaraq 85,89 dollar təşkil edib.
Qeyd edək ki, dünyada yaşanan enerji böhranı neft qiymətlərinin artmasında əsas səbəb kimi göstərilib. Həmçinin OPEC+ alyansının neft hasilatını sürətləndirməmək haqqında qərarı da qiymət artımında rol oynayıb.
Ən çox bahalaşan ərzaq məhsulları açıqlanıb
Dövlət Statistik Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb. 2021-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 105,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,6 faiz təşkil edib.
Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın, südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Türkiyə ilə iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.
İqtisadiyyat naziri ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlığı, qardaş Türkiyə ilə möhkəm dostluq və tərəfdaşlıq əlaqələrini, Türkiyənin ölkəmizə daimi siyasi və mənəvi dəstəyini vurğulayıb. Bildirilib ki, 15 iyun 2021-ci il tarixində dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması əməkdaşlığımızın genişləndirilməsi üçün yeni imkanlar açır.
Səfir Cahit Bağcı ölkəsinin Azərbaycanla strateji müttəfiqliyini, Türkiyə şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin dirçəldilməsində fəal iştirakını qeyd edib, qardaş Türkiyənin daim Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.
Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının inkişafı istiqamətləri, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərində əməkdaşlıq, Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Energetika naziri "Rusiya Enerji Həftəsi" adlı Beynəlxalq Foruma qatılıb
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskva şəhərində keçirilən "Rusiya Enerji Həftəsi" adlı Beynəlxalq Forumda iştirak edib.
Bir sıra ölkələrin hökumət rəsmilərinin, beynəlxalq təşkilatlar və neft-qaz şirkətləri rəhbərlərinin, nüfuzlu tədqiqat və media nümayəndələrinin qatıldığı Forumda ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə, energetika sahəsində beynəlxalq əməkdaşlığın yeni istiqamətləri, karbon neytrallığı, enerji keçidi və bir çox digər aktual mövzular müzakirə edilib.
Nazir "Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?" adlı sessiya üzrə müzakirələrə qatılıb. Sessiyada ənənəvi enerji daşıyıcılarının qlobal enerji balansında mövqeyi, mövcud enerji infrastrukturunun yeni enerji mənbələrinə uyğunlaşdırılması, reallaşdırılmaqda olan neft-qaz layihələrinin potensialının enerjiyə olan tələbatın ödənilməsi üçün yetərliliyi, karbohidrogen mənşəli enerji daşıyıcılarından istifadə ilə enerji keçidinin mümkünlüyü və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Pərviz Şahbazov qazın enerji keçidindəki tənzimləyici roluna dair suala cavab olaraq bildirib ki, hazırda ekoloji cəhətdən ən təmiz karbohidrogen yanacaq növü hesab olunan qaz sənayesinə investisiyaların azaldılması gələcəkdə ekologiyaya mənfi təsiri daha çox olan enerji daşıyıcılarından istifadənin artırılmasına səbəb ola bilər. Bu baxımdan mövcud vəziyyətdə enerji keçidinə dair verilən qərarların ekoloji təhlükəsizlik və enerji təhlükəsizliyi məsələlərinə kompleks yanaşma əsasında formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə "yaşıl enerji"dən istifadənin genişləndirilməsi istiqamətində qəbul edilmiş strateji qərarlar və görülən işlərə diqqət çəkən nazir, xüsusilə dənizdə külək enerjisinin inkişafı üzrə mövcud potensial barədə məlumat verib. İlkin olaraq 157 QVt həcmində qiymətləndirilən texniki potensialın gələcəkdə "yaşıl hidrogen" istehsalına yönəldilməsi istiqamətində işlərin davam etdiyini qeyd edib.
Energetika naziri "Rusiya Enerji Həftəsi" Beynəlxalq Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və energetika naziri Nikolay Şulqinovla ayrı-ayrılıqda baş tutan görüşlərdə neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və bir sıra digər məsələlər müzakirə olunub. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi vurğulanıb. Bərpa olunan enerji sahəsində mövcud olan siyasət və həyata keçirilən strateji layihələr haqqında danışılıb. Enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə enerji mənbələrinin şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb, hər iki ölkədə bu istiqamətdə real addımların atıldığı qeyd edilib.
Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Əbdüləziz bin Salman Əl Səud ilə keçirilən görüşdə isə OPEC+ razılaşmasının perspektivləri barədə fikir mübadiləsi aparılıb, OPEC+ ölkələri arasında konsensusun bazarın balanslaşdırılmasında həlledici rolunun praktiki nəticələri qeyd edilib. Pərviz Şahbazov həmkarını yaxın gələcəkdə keçirilməsi planlaşdırılan 240 MVt gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmək məqsədilə Azərbaycana dəvət edib.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə baş tutan görüşdə iki ölkə arasında neft, qaz, "yaşıl enerji" sahələrində əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə edilib, ölkələrin enerji tənzimləyici qurumları arasında mövcud əlaqələrin inkişafına dəstək ifadə olunub.
Tarif Şurasının qiymət artımı barədə həftəsonu qərarı
Oktyabrın 16-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda təbii qazın və elektrik enerjisi tariflərinə baxılmış, müvafiq qərarlar qəbul edilib.
Qazla bağlı əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər iki qəpik yüksəlib. Belə ki, noyabrın 1-dən istehlakçılar 1200 m3-dək qaz işlətməyə görə ödənişi 10 yox, 12 qəpikdən etməli olacaqlar.
Qərara əsasən elektrik enerjisinin qiymətləri də artıb. İlk olaraq aşağı limit artıq 300 yox, 200 kVts olacaq. 200 kVts-dək elektrik enerjsindən istifadəyə görə əhali 8 qəpikdən ödəniş edəcək. Qeyd edək ki, indiyədək 300 kVts-dək elektrik enerjisindən istifadəyə görə ödəniş 7 qəpikdən idi.
200 kVts-dən 300 kVts-dək elektrik enerjisi işlədənlər 9 qəpikdən ödəniş etməli olacaqlar.
300 kVts-dən çox elektrik enerjisi işlədən sakinlər isə 13 qəpikdən ödəyəcəklər. İndiyədək bu qiymət 11 qəpik idi.